Peşəyönümü


          Bazar iqtisadiyyatına keçid şəraitində gənclərin peşəyönümü və onların şüurlu yaradıcı əməyə hazırlanması mühüm əhəmiyyət kəsb etməklə yanaşı, gənclər arasında peşə və ixtisaslara meyllərin formalaşması, istiqamətləndirilməsi, peşənin düzgün seçilməsi şəxsiyyətin formalaşmasında vacib keyfiyyətlərdən biridir.
          Düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın bacarığına, marağına və qabiliyyətinə uyğun peşə seçməsinə imkan yaradır. Vətəndaşların maraq və meyllərinə, qabiliyyətlərinə, bacarıqlarına uyğun işəgötürənlərin kadr ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu vacib işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün peşəyönümünün düzgün aparılması xüsusi əhəmiyyətə malikdir.
          Peşəyönümü mürəkkəb, kompleks xarakterli tədbir olmaqla öz məzmun və metodlarına görə o, pedaqoji, psixoloji, tibbi, fizioloji yönümlü olub, təsir dairəsinə görə ictimai, nəticəsinə görə iqtisadi xarakter daşıyır. İqtisadçıların və sosioloqların fikrincə, peşəyönümü-ümumbəşəri mədəniyyətin mühüm elementlərindən birinin ümumiləşmiş anlayışı olub, insanların peşə fəaliyyətinin, bacarıqların müəyyən edilib formalaş­dırılmasına, onların meyl və maraqlarına, fiziki imkanlarına, eləcə də sosial-iqtisadi tələblərə uyğun olaraq düzgün peşə seçiminə xidmət etməklə, əmək bazarında tələb və təklifin, sosial-iqtisadi vəziyyətin, mövcud imkanların nəzərə alınması ilə optimal məşğulluğun seçilməsi, şəxsiyyətin peşə özünütəyini məqsədi ilə ona xüsusi sistemidir.
          YUNESKO-nun XV Baş Assambleyasının 1970-ci ildə Bratislavada keçirdiyi tədbirdə peşəyönümü anlayışına aşağıdakı tərif verilmişdir: peşəyönümü sürətlə inkişaf edən həyat şəraitində (elm, texnika, təhsil, informasiya, rabitə, komunikasiya, KİV-in intensiv inkişafı və s.) şəxsiyyətin fərdi qabiliyyətlərindən istifadə edərək onların cəmiiyətə faydalı və şəxsi maraqlarına uyğun şəkildə fərdi təhsil və əmək fəaliyyəti seçməsinə imkan verən tədbirlər kompleksidir.
          Peşəyyönümü probleminin həlli həmçinin işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlrinin həllində mühüm rol oynayır. Müxtəlif metodik tövsiyyələrdən istifadə edilməklə aparılan peşə məsləhətləri peşəyönümü işinin ən vacib tərkib hissələrindən olmaqla vətəndaşların gələcəkdə həyatda layiqli yerlərini tutmalarına xidmət edir.
          Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Azərbaycan Höküməti ilə BMT-nin İnkişaf Proqramı (UNDP) arasında imzalanmış “Milli Sosial Müdafiə Sisteminin İnkişafı” Layihəsi çərçivəsində “Peşəyönümü işinin təşkilinə dair metodiki vəsait” və “İşaxtaran və işsiz vətəndaşların peşə meyllərinin müəyyən edilməsi üçün multimediya test proqram sistemi” hazırlanmışdır və Məşğulluq Xidməti orqanlarında müvəffəqiyyətlə istifadə edilir. Təqdim olunan metodik vəsaitdə Məşğulluq Xidməti orqanlarında peşəyönümü işinin təşkili və idarə olunması məsələləri əks olunmuşdur.
          Hazırda bu tədbir Bakı, Gəncə, Naxçıvan və Mingəcevir şəhərlərində fəaliyyət göstərən peşəyönümü metodiki kabinetləri vasitəsi ilə həyata keçirilir. Respublikanın digər şəhər və rayonlarında da belə kabinetlərin yaradılması nəzərdə tutulur.