Müraciət


Azərbaycan Respublikasının sosial-iqtisadi siyasətinin məqsədi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşayış yerindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq işə başlamağa hazır olan və işaxtaran bütün şəxslər üçün səmərəli iş yerinin, məşğulluğunun seçim azadlığının, bərabər imkanların təmin edilməsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 8-ci hissəsində işsizliyin aradan qaldırılması üçün dövlətin bütün imkanlardan istifadə etməsi təsbit olunur. “Məşğulluq Haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.-ci maddəsinə əsasən, dövlət vətəndaşların səmərəli və sərbəst seçilmiş məşğulluğunun təmin edilməsinə köməklik göstərir. Dövlətimiz beynəlxalq əmək normalarına riayət olunmaqla işaxtaran şəxslərin işlə təmin edilməsinə hər cür yardım göstərir, işsizlərin sosial müdafiəsinin təmin edilməsi, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə köməklik göstərən xüsusi tədbirlər həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin sosial iqtisadi, regional inkişafına dair imzaladığı Fərman və Sərəncamlarla təsdiq olunmuş Dövlət Proqramlarında ölkədə yoxsulluğun aradan qaldırılması, əhalinin, xüsusi ilə aztəminatlı təbəqələrin məşğulluğunun təmin edilməsi dövrümüzün ən vacib, başlıca vəzifələrindən biri kimi müəyyən edilmişdir. "Azərbaycan Respublikasının məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət proqramı” (2007-2010-cu illər) müasir mərhələdə məşğulluq siyasətinin gücləndirilməsinə, bu sahədə mövcud olan problemlərin həllinə və əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə istiqamətlənir. Yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi məsələləri sahəsində görülən tədbirlərlə yanaşı, bu gün əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması, ölkənin əmək potensialından daha dolğun istifadə edilməsi dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir.
Məşğulluq xidməti orqanlarının fəaliyyətində ən aktiv tədbirlər, əmək potensialından daha dolğun istifadə etməklə, işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması, qısamüddətli peşəhazırlığı kurslarının təşkilidir. Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi əmək bazarının tələbi ilə işçi qüvvəsi təklifi arasında əlaqələrin gücləndirilməsi üçün Məşğulluq xidməti orqanları ilə işəgötürənlər arasında əməkdaşlıq prinsiplərinin bərqərar olması daha vacibdir. Məşğulluğun təmin edilməsində işəgötürənlərin fəal iştirakı, onlar tərəfindən boş (vakant) iş yerləri haqqında tam və düzgün məlumatları vaxtında ƏƏSM Nazirliyinin Məşğulluq Xidməti orqanlarına təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir. Boş (vakant) iş yerləri haqqında tam və düzgün məlumatların vaxtında Məşğulluq Xidməti orqanlarına təqdim etməklə, Siz – işəgötürənlər işsiz və işaxtaran vətəndaşlar arasında bu və ya digər tələblərə cavab verən daha peşəkar kadrların seçilməsi və daha layiqli, işgüzar kadrlarla işləmək imkanı əldə edə bilərsiniz.
Sizin – işəgötürənlərin razılığı əsasında, bu və ya digər peşələr üzrə keyfiyyətli işçi qüvvəsinə yaranan tələbatın ödənilməsi məqsədilə Məşğulluq Xidməti orqanları işsiz və işaxtaranların qısamüddətli, çevik peşə hazırlığını təşkil edə bilər ki, bu da işsiz və işaxtaran vətəndaşların əmək potensialının keyfiyyətcə yüksəldilməsinə, onların əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsinə gətirib çıxarır.
Müasir əmək bazarında işçi qüvvəsinə mövcud tələbatı nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə dəstəyi ilə yaradılan Bakı və Göyçay Regional Peşə Tədrisi Mərkəzlərində işaxtaran və işsiz vətəndaşlar üçün modul tədris proqramları əsasında peşə hazırlığı kursları təşkil olunur və bu Mərkəzlərin xidmətindən istifadə etməklə əmək bazarında yeni peşələrə olan tələbatın ödənilməsinə nail ola bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, peşə kurslarının təşkili dövlət vəsaiti hesabına həyata keçirilir.
Dövlət əlavə iş yerləri və ixtisaslaşdırılmış müəssisələr, təşkilatlar (o cümlədən əlillərin əməyi üçün müəssisə və təşkilatlar) yaratmaq yolu ilə, xüsusi proqramlar üzrə təlim təşkil etməklə və başqa tədbirlər görməklə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyalarına əlavə təminatlar verməklə yanaşı, Yerli İcra Hakimiyyəti orqanları tərəfindən müəssisə, idarə və təşkilatlarda bu kateqoriyaya aid olan vətəndaşlar üçün kvota yerləri müəyyən edilir. Dövlət tərəfindən işəgötürənlərin maraqları da nəzərə alınır, kvotanın miqdarı müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə təyin edilir və işçilərin orta siyahı sayı 25–dən az olan müəssisələrə kvota şamil edilmir. Müəyyən edilmiş kvota yerlərinə sosial müdafiəyə daha həssas olan vətəndaşları işə qəbul etməklə, Siz qanunvericiliyə əməl etməklə yanaşı, bu təbəqədən olan vətəndaşların sosial müdafiəsini təmin etməklə insanlıq borcunuzu yerinə yetirmiş olursunuz.
Bunları nəzərinizə çatdırmaqla Sizi işsizlik probleminin həllində qarşılıqlı əməkdaşlığa dəvət edir və əminik ki, vətəndaşların məşğulluğunun təmin edilməsində yaxından iştirak edəcəksiniz.