Dəyirmi masalar

01.09.2008

Nəsimi rayon Məşğulluq Mərkəzində işəgötürənlərin əmək bazarında yeri mövzusunda Dəyirmi Masa keçirilmişdir

Azərbaycan Respublikası özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ölkədə bütün resurslardan, o cümlədən əmək ehtiyatlarından səmərəli istifadəni təmin etməklə, iqtisadi cəhətdən güclü və yüksək sosial standartlara malik cəmiyyətin qurulması bu mərhələnin əsas məqsədidir. Müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi bu sahədə mövcud olan problemlərin həlinə və əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə istiqamətlənir. Yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi məsələləri sahəsində görülən tədbirlərlə yanaşı, bu gün əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması, ölkənin əmək potensialından daha dolğun istifadə edilməsi dövlətin diqqət mərkəzində olan məsələlərdəndir.
Rayon ərazisində 1350-ə qədər işəgötürən fəaliyyət göstərir ki, onun da 1280-ə qədəri yəni 95%-i Məşğulluq Mərkəzi ilə əməkdaşlıq edərək adiyyatı hesabat və məlumatları təqdim edirlər. Təqdim olunmuş hesabatlara əsasən müəyən edilmişdir ki, bu müəssisə və təşkilatlarda işçilərin sayı 82.2 min nəfərə yaxındır. Bu da rayon üzrə əmək qabiliyyətli əhalinin 67,4 faizini təşkil edir. Hesabatlara əsasən hər ay 85-90 müəssisə və təşkilatdan 650-720 boş iş yeri daxil olur ki, bu da mərkəzə müraciət edən işaxtaran vətəndaşlara rayon ərazisində özlərinə iş axtarmaqda müəyyən köməklik göstərir. Boş iş yerləri əsasən ixtisaslı mütəxəssislərə olan tələbdən ibarətdir.
Göründüyü kimi müəssisə və təşkilatlarda boş iş yerləri var və kadra ehtiyac mövcüddür. Ancaq biz bu təşkilatları işçi qüvvəsi ilə təmin edə bilmirik. Burada iki səbəb mövcuddur. Birincisi - Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda duran (5200 nəfər) vətəndaşların ixtisas səviyyəsi müəssisə və təşkilatların tələblərinə uyğun gəlməməsidir. Hal-hazırda tikinti ixtisasları üzrə müətxəssislərə, elektrik-qaz qaynaqçısı, tornaçı, tikişçi, çilingər peşələrinə çox güclü tələbat vardır. Ancaq işin ağırlığı, əmək haqqının aşağı olması səbəbindən işaxtaranlar, xüsusən də gənclər bu ixtisaslar üzrə işləmək istəmirlər ki, bu da ikinci səbəbdir.
Hal-hazırda bir çox işəgötürənlər öz istehsal proseslərini yəni məhsul istehsalını, təmir-tikinti, xidmət işlərini ucuz işçi qüvvəsi hesabına həyata keçirir ki, hansı ki bu cür biznes sosial yönümlü hesab edilmir. Bu cür təşkilatlar insan əməyinə olan münasibətə yenidən baxmalıdırlar.
Bütün bunlara baxmayaraq, məşğulluq probleminin işəgötürənlərsiz həll edilməsi mümkün deyil. Belə ki, işəgötürənlər əmək bazarının hər iki hissəsində, yəni həm işçi qüvvəsinin təklif olunan hissəsində və eyni zamanda işçi qüvvəsinə tələb olunan hissəsində əsas rol oynayır. Belə ki, əmək bazarına yüksək ixtisaslı mütəxəssislər əsasən müəssisə və təşkilatlardan ixtisara düşmüş və ya aşağı əmək haqqı olması səbəbindən, əmək müqaviləsinin müddətinin başa çatması səbəbindən, kadr axıcılığı hesabına işdən azad edilmiş mütəxəssislər hesabına daxil olur. Əmək bazarının digər əmələ gəlmə mənbələrindən, yəni əmək ehtiyatlarının yenidən bölgüsü hesabına yuksək ixtisasıl mütəxəssisin əmək bazarına daxil olması ehtimalı çox aşağıdır.
Belə ki, hərbi xidmətdən tərxis olunanlardan, ali və orta ixtisas məktəbininin buraxılış məzunlarından, cəza çəkmə müəssisələrindən azad olanlardan ibarət olan bu mənbə ən yaxşı halda təcürbəsiz ilkin ixtisas və peşəyə malik olanlardan ibarətdir. Digər bir mənbə isə orta məktəb məzunlarından ibarətdir ki, son 8-10 ildə yuxarı siniflərdə əmək təlimi dərslərinin ləğv edilməsi , onlara ilkin olaraq əmək vərdişlərinin öyrədilməməsi onların əmək bazarında uzun müddət izsiz qalmasına səbəb olmuşdur.
Beləliklə demək olar ki, əmək bazarında yüksək ixtisaslı mütəxəssislə təmin edilməsində işəgötürənlərin əsas rolu danılmazdır. Buna baxmayaraq bu sahədə də çox böyük problemlər mövcuddur. Keçid dövründə obyektiv səbəblər üzündən müəssisədaxili peşə hazırlığı və ixtisasartırma şəbəkəsinin, texniki peşə məktəbləri sisteminin fəaliyyəti zəifləmişdir. İstehsal sahələrinin bağlanması, bir çox işləyən müəssisələrdə isə müasir tələblərdən geri qalmış texnologiya və avadanlıqdan istifadə olunması işçi qüvvəsinin peşəkar hazırlığının və ixtisas səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur. Müşahidələr göstərir ki, son illərdə əksər müəssisə və təşkilatlarda işçiyə yüksək ixtisas dərəcəsinin verilməsi, ixtisasının artırılması, əlavə peşələrin öyrədilməsi demək olar ki, həyata keçirilmir. Uzun illər, 8-10 il bir müəssisədə çalışmış hər hansı işçi heç bir ixtisas və ya dərəcə almadan ən azında onun əmək kitabçasında qeydlər aparmadan işdən azad olunur ki, bu da onun yenidən başqa müəssisədə işə düzəlməsində çətinlik yaradır və əmək bazarında işsiz qalmasına səbəb olur. Hətta əksər hallarda onlara əmək kitabçası da verilmir ki, bu da onların ilk dəfə işaxtaran kimi uzun müddət əmək bazarında qalmasına səbəb olur. Baxmayaraq ki, Məşğulluq haqqında qanunda göstərilmişdir ki, Məşğulluğun təmin edilməsində işəgötürənlər işçilərin peşə hazırlığı, yenidən hazırlanması və ixtisasının artırılması üçün şərait yaratmalıdırlar. Çünki, son illər ölkədə müşahidə olunan iqtisadi canlanma və inkişaf perspektivləri istehsalın texniki cəhətdən modernləşməsini nəzərdə tutur və müvafiq olaraq, işçi qüvvəsinin peşə və ixtisas səviyyəsinə yeni tələblər irəli sürür. Son on il ərzində həyata keçirilən məqsədyönlü islahatlar ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olmasına, sosial-iqtisadi inkişaf meyillərinin möhkəmlənməsinə imkan yaratmışdır. İçtimai həyatın bütün sahələrində dönüş yaranmış, əhalinin maddi rifah halının yaxşılaşdırılmasında nəzərəçarpacaq uğurlar qazanılmışdır. Bununla yanaşı, bu gün formalaşmış və fəaliyyət göstərən əmək bazarı 90-cı illərin birinci yarısı üçün səciyyəvi olan sosial-iqtisadi amillərin mənfi təsirini bu günədək hiss etməkdədir. Əmək bazarında işçi qüvvəsinin təklifi 1990-2005-ci illərdə kifayət qədər yüksək olaraq bir çox iqtisadi, demoqrafik, təhsil, miqrasiya və s. kimi amillərin təsiri altında müəyyənləşmişdir.
Məcmu işçi qüvvəsinin keyfiyyət tərkibini müəyyənləşdirən məsələlərdən biri cəmiyyətin intellektual potensialı, onun təkrar istehsal səviyyəsinin yüksəlməsidir. Əhalinin iqtisadi fəallığına dair keçirilən son seçmə müşahidənin nəticələrinə görə məşğul əhalinin yalnız 19.2 faizini ali ixtisas təhsilli, 50.8 faizini tam orta təhsilli insanlar təşkil etmişdir. Həmçinin məlumdur ki, işaxtaran vətəndaşların ən azı beşdə bir hissəsi ali, orta ixtsas və peşə təhsilli şəxslərdir. Rəsmi qeydiyyatdan keçmiş işsizlər arasında isə ali və orta ixtisas təhsili olanların xüsusi çəkisi daha yüksəkdir və son illərdə bu rəqəm 80 faizdən çoxdur.