İş axtaranlar

31.05.2008

İş axtararkən bunları bilmək vacibdir

İş yeri tapmaq asan deyil. İşlə təmin olunmaq hüququnu qazanmaq uğrunda indi güclü rəqabət yaranıb.
İş tapmaq daha çox insanın özündən asılıdır. Yəni, iş axtararkən fəal olmalı, özünüzü işəgötürənə düzgün təqdim etməyi bacarmalısınız.

Əgər düzgün hərəkət etsəniz, Siz asanlıqla iş tapa bilərsiniz


İşsizlər çox vaxt uğursuzluqla üzləşərək iş axtarmağa cəhd göstərmirlər.
Uğursuzluqla rastlaşmamaq üçün iş axtarışı zamanı əsasən səkkiz qaydaya əməl etməlisiniz:

  • Yadda saxlayın, heç kim Sizə heç nə, eləcə də iş borclu deyil. İş əldə etmək üçün mübarizə aparmaq lazımdır.
  • İş axtarışında bəxtigətirən və bəxtigətirməyən adam arasındakı fərq, əmək bazarındakı çətinlikdən deyil, işaxtaranların öz işlərini necə qurmasından asılıdır.

Test üsulu ilə işə qəbul


İşçi seçilərkən test üsulundan istifadə edilərsə, daha səmərəli olar. Bu zaman həlledici rolu bu və ya digər ixtisasın xarakterik cəhətləri oynamalıdır. Hər bir iş yerinə müvafiq tələblər qoyulması məqsədəuyğundur.

YADDA SAXLAYIN:


  • Tapşırığın yerinə yetirilmə vaxtı və tapşırığın necə yazılması izah edilərkən diqqətlə qulaq asın.
  • Nə isə soruşmaq istəyirsinizsə, bunu tapşırıq verilməmişdən qabaq edin.
  • Tələsməyin! Tələsmək nadir hallarda uğurla nəticələnir.
  • Heç də vacib deyil ki, verilmiş tapşırığın hamısını yerinə yetirəsiniz. Bacarmadığınız mövzunun üzərində çox durmayın, növbəti tapşırığa keçin.
  • Test qurtardıqdan sonra heç də narahat olmayın ki, özünüzün nəyə qadir olduğunuzu tam şəkildə göstərə bilməmisiniz. Unutmayın ki, Sizin topladığınız balların miqdarı Sizin bacarığınızı göstərən amillərdən yalnız biridir.

Müsabiqə zamanı özünü necə aparmalı

  • Müsabiqəyə vaxtında gəlin və həyəcan keçirməyin.
  • Yadınızda saxlayın ki, sualı Sizə işi təqdim edən verəcək. Sizin cavablarınız qısa və dəqiq olmalıdır.
  • İşəgötürənin marağını öyrənməyə çalışın, eləcə də nə cür iş istədiyinizi onlara anladın.
  • İş qabiliyyətiniz barədə şişirtmədən danışın. Bacarmadığınız və bilmədiyiniz iş barədə danışmayın.
  • Yersiz sual verməyə tələsməyin. Bu yalnız Sizi maraqlandıran vacib sual yaranarsa, mümkün ola bilər.
  • İşəgötürən əmək haqqı məsələsinə toxunarkən Siz müzakirəyə hazır olun. Bu məsələ müzakirə olunarkən reallığa əsaslanın.
  • İşəgötürən Sizə dəqiq bir söz demirsə, ondan onunla nə vaxt əlaqə saxlaya biləcəyinizi aydınlaşdırın.

Sizinlə danışıqlar aparana minnətdarlığınızı bildirin.

  • Eyni işi yerinə yetirərkən digərlərindən yaxşı mənada fərqlənməyinizə nə qədər nail olsanız, bir o qədər Sizin şansınız çox olar.
  • İnadkarlıqla istədiyiniz işə can atın.
  • Məhz nə üçün bu işi seçdiyinizi başqalarına izah etməyi bacarın.
  • İşəgötürənlər çalışırlar ki, uğur qazananları işə qəbul etsinlər. Özünüzü onlara lazımlı işçi kimi göstərin, yazıq adam kimi yox.
  • İşsiz qaldıqda, günün çox hissəsini iş axtarışına sərf edin. Yaxşı işi inadkarlıqla axtaran tapar.
  • Rədd cavabı almağa hazır olun. Bu təbiidir. Buna hazır olduqda növbəti rədd cavabı Sizi narahat etməyəcək və Siz axtarışların birin də uğur qazanacaqsınız.

İşgüzar məlumat tərtib etmək lazımdı


İşəgötürənlərdə müsbət rəy yaratmaq üçün ən güclü vasitə – özünüz haqqında yaxşı tərtib olunmuş işgüzar məlumatdır. Məlumatın məqsədi Sizi gələcək işçi kimi təqdim etməkdir. Yaxşı təşkil olunmuş məlumat Sizin özünüz və iş qabiliyyətiniz barədə obyektiv təsəvvür yarada bilər. Ondan qəzetə elan vermək üçün, eləcə də Sizi maraqlandıran işəgötürənlərə göndərmək üçün istifadə etmək olar. Nəhayət, onu iş axtarışında Sizə kömək edə biləcək dostlarınıza və tanışlarınıza verə bilərsiniz. O, qısa və dəqiq olmalıdır. İşəgötürənlərə müraciət edərkən Siz öz maraqlarınız deyil, bu təşkilata nə kimi xeyir gətirə biləcəyinizi qeyd etməlisiniz.

İşgüzar məlumata nələri daxil etmək lazımdı


A. Başlıq. (soyadı, adı, atasınınadı).

B. Əsas şəxsi məlumatlar. (ünvan, telefon, doğulduğunuz tarix və yer, ailə vəziyyəti).

C. İş axtarışında məqsədiniz. Məqsədin açıqlanmasında nə cür işaxtardığınızı, hansı işi bacardığınızı, işi hansı şərtlərlə görmək istədiyinizi qeyd etməlisiniz. Bu Sizin nə cür mütəxəssis olduğunuzu açıqlayır.

Ç. İş təcrübəsi. Buraya tarixi qeyd edilməklə vaxtı ilə işlədiyiniz iş yerləri, vəzifələr, əsas funksiyalar və nailiyyətlərin qısa xülasəsi daxildir. İş təcrübəsi olan adamlar üçün bu hissə çox vacibdir.

D. Təhsil. Məktəbi qurtarmağınızdan nə qədər çox vaxtk eçibsə, məlumatda bu barədə informasiya bir o qədər az yer tutur. Məzunlara və tələbələrə məsləhətimiz odur ki, təhsil haqqında qeydləri əmək təcrübəsindən əvvələ yerləşdirsinlər.

E. Əlavə məlumat. Bu bölmədə əsasən hansı xarici dili bilməniz, kompüterdə (istifadə olunan proqramlar nəzərə alınmaqla) işləmə qabiliyyətiniz və digər bacarıqlarınız haqda məlumatlar qeyd olunur.

Ə. Məlumatın təşkil olunma tarixi. Bu tarixin qeyd olunması ona daha dəqiqlik və konkretlik gətirir.


Müsabiqə ilə işə qəbul


İşə qəbul zamanı namizədlərin seçilməsində və qiymətləndirilməsində daha vacib və geniş yayılmış üsul müsabiqədir. Müsabiqədə Sizin iş təcrübəniz, verilmiş işi hansı səviyyədə bacarmağınız aşkarlanır.
Bundan əlavə, müsabiqə yolu ilə seçilmək, işin Sizi nə dərəcədə qane etdiyini açıqlamaq imkanını verir. Lakin müsabiqəyə elə hazırlaşmaq lazımdır ki, sanki hazırda düzələcəyiniz iş yeri Sizin çoxdankı arzunuz olmuşdur. Özünüzlə təhsilinizi, əlavə bacarığınızı və biliyinizi təsdiqləyən sənədlərin nüsxəsini, işgüzar məlumatı götürməyi unutmayın.
İşlə təmin olunduqdan sonra, mütləq işəgötürən ilə əlaqə saxlayıb, onlara minnətdarlığınızı bildirərək artıq işlə təmin olunduğunuzu xəbər verin. İşlə əlaqədar müraciət etdiyiniz insanların hamısını xəbərdar edin və öz təşəkkürünüzü bildirin.
Beləliklə, Siz özünüz barədə yaxşı fikir yaratmış olarsınız və ehtiyac yarandıqda onlara bir daha müraciət etmək Sizə asan olar.


ÜMİDVARIQ Kİ, BU MƏSLƏHƏTLƏR MƏQSƏDİNİZƏ NAİL OLMAĞA SİZƏ KÖMƏK EDƏCƏK



UĞURLAR !!!