İş axtaranlar

31.05.2008

İş axtaranlara müraciət

          Dövlət vətəndaşların üzərinə işləmək tələbi qoymur, eyni zamanda hər bir əmək qabiliyyətli şəxsə real iş təqdim etmək vəzifəsini üzərinə götürmür. Bununla yanaşı dövlət işaxtaran şəxslərin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq, işsizlərin dövlətdən sosial müavinət almaq hüququ verir. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir və bu Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində təsbit olunur. Müasir dövrümüzdə dövlətimizin sosial-iqtisadi siyasətinin məqsədi işə başlamağa hazır olan və işaxtaran bütün şəxslər üçün səmərəli iş yerinin, məşğulluğunun seçim azadlığının təmin edilməsidir.
          Vətəndaşların səmərəli və sərbəst seçilmiş məşğulluğunun təmin edilməsi sahəsində dövlətimizin müəyyən siyasət istiqamətləri mövcuddur və dövlət tərəfindən məşğulluq sahəsində vətəndaşların hüquqları qorunur və müəyyən təminatlar verilir. Vətəndaşların fəaliyyət növü, peşə, məşğuliyyət və iş yerini sərbəst seçmək hüququ, Məşğulluq Xidməti orqanlarının pulsuz vasitəçiliyi ilə və ya qanunvericilikdə nəzərdə tutulmuş digər formalarda iş yerini sərbəst seçmək hüququ, Məşğulluq Xidməti orqanlarında məşğulluq növünü, iş yerini və əmək rejimini seçmək məqsədi ilə peşəyönümünə, peşə hazırlığına və yenidən hazırlığına, ixtisasının artırılmasına dair pulsuz məsləhət almaq, habelə müvafiq məlumat əldə etmək hüququ, işsizlərin sosial müdafiəsinin təmin edilməsi, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə köməklik göstərən xüsusi tədbirlərin görülməsi Azərbaycan Respublikasının “Məşğullu Haqqında” Qanunu ilə müəyyən edilmişdir.
          Qüvvədə olan “Məşğulluq Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yanaşı, dövlət tərəfindən beynəlxalq əmək normalarına, o cümlədən Beynəlxalq Əmək Təşkilatının tərəfdar çıxıb qoşulduğu qanun qüvvəli Konvensiyalarına riayət olunmaqla bir çox normativ hüquqi sənədlər (Qanunlar, Fərmanlar, Qaydalar, Proqram və tədbirlər) qəbul olunmuş ölkə əhalisinin məşğulluğunun təminatı məqsədilə həyata keçirilir.
          Əmək bazarındakı vəziyyət haqqında mühüm informasiya mənbələrindən biri də Məşğulluq Xidməti orqanlarıdır. Məşğulluq Xidməti orqanlarının fəaliyyətində ən aktiv tədbir işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunma prosesidir. İşaxtaranlar arasından işəgötürənlərin real tələblərinə cavab verən kadrların seçilməsi və lazım gəldikdə hazırlanması və iş yerlərinə göndərilməsi Məşğulluq Xidməti orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən biridir. Hər bir işaxtaran vətəndaş Məşğulluq xidməti orqanlarına müraciət edərək əmək bazarının mövcud durumu, boş iş yerləri (vakansiyalar)  haqqında informasiya əldə edib bu orqanların pulsuz vasitəçiliyi ilə işlə təmin oluna bilərlər.
          Məşğulluq Xidməti orqanlarına xüsusi bir təyinatla işə göndəriş verən yeganə bir təşkilat kimi də baxmaq olmaz. Əlbəttə, Məşğulluq Xidməti orqanları əhalinin işlə təmin olunmasında çox əhəmiyyətli rol oynayır, lakin hər bir şəxs özü iş axtarışında müəyyən metodlardan istifadə etsələr şanslarını daha çox artırmış olarlar. Reputasiyasını, öz üzərinə götürdüyü və həmçinin işaxtaranın üzərinə qoyduğu öhdəliklərə diqqət yetirməklə işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə də müraciət etmək olar. Eyni zamanda vakansiyalar barədə mütəmadi olaraq elanlar, məlumatlar verən kütləvi informasiya vasitələrini, internet səhifələrini də izləmək lazımdır. Məsələn, dövlət qulluğunda işləmək istəyənlər mütləq Dövlət  Qulluğu  Məsələləri  Üzrə Komissiyanın internet səhifəsini izləməli, dövlət qulluğuna müsabiqə və müsahibə ilə qəbul barədə müntəzəm məlumatlar əldə etməlidilər.
Bir çox işaxtaranlar əmək bazarının mövcud vəziyyəti ilə tanış olmur və ya olmaq istəmir, hansı iş axtardığını, necə işdə işləmək istədiyini dəqiqləşdirmir. İş barədə tələbini soruşduqda “hansı iş olursa, olsun”, “yüksək əmək haqqı istəyirəm” cavablarını verən vətəndaşlar bu gün üçün real olmayan əmək haqqı və həmin sahədə ixtisası və peşə təcrübəsi olmayan iş tələb edirlər. İşaxtaranların iş axtarışına bu cür yanaşması mövcud əmək bazarının vəziyyəti və pespublika üzrə orta əmək haqqının məbləği barədə təsəvvürlərin olmamasından irəli gəlir. Odur ki, hər bir işaxtaran öz imkanlarını götür-qoy etməklə axtardığı işin xarakteristikasını müəyyən etməlidir.
          İşaxtaranlar, xüsusi ilə gənclər Məşğulluq orqanlarının pulsuz xidmətindən istifadə etməklə peşəyönümü məsləhətlər ala bilərlər və bu cür məsləhətlər peşənin düzgün seçilməsində xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, peşə və ixtisaslara meylləri formalaşdırır.
          İşaxtaranların əmək bazarında rəqabətə davamlı peşə və ixtisaslara yiyələnmələri onların məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Məşğulluq Xidməti orqanları tərəfindən əmək bazarının real tələbləri nəzərə alınmaqla, qısa müddətli, çevik tədris proqramları əsasında işaxtaran və işsiz əhalinin peşə hazırlığına, yenidən hazırlığa və ixtisaslarının artırılmasına cəlb edilməsi və təhsillərini başa vurduqdan sonra onların münasib işlə təmin olunması həyata keçirilir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə dəstəyi ilə yaradılan Bakı və Göyçay Regional Peşə Tədrisi Mərkəzlərində işaxtaran və işsiz vətəndaşlar üçün modul tədris proqramları əsasında peşə hazırlığı kursları təşkil olunur. İşaxtaranlar bu Tədris mərkəzlərinin xidmətindən istifadə etməklə, müasir tələblərə cavab verən peşə və ixtisaslara yiyələnib məşğulluqlarının təmin olunması imkanını əldə edə bilərlər. Peşə kurslarının təşkili dövlət vəsaiti hesabına həyata keçirilir.
          Məşğulluq Xidməti orqanları tərəfindən işi və qazancı olmayan, işə başlamağa hazır olan əmək qabiliyyətli yaşda olan, əmək qabiliyyətli vətəndaşlara işsiz statusu verilir və işsizlik müavinəti təyin olunur. Lakin işsizlik müavinətinin təyin edilməsi passiv tədbir növü olaraq vətəndaşlara müəyyən bir vaxt ərzində aktiv iş axtarmaq üçün imkan vermək və onlara bu müddətdə maddi köməklik göstərmək məqsədi güdür. Bəzən vətəndaşlar mərkəzə ancaq işsilik müavinəti almaq üçün müraciət edirlər, lakin nəzərə almaq lazımdır ki, işsiz statusu və işsizlik müavinəti qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Hər bir vətəndaş Məşğulluq Xidməti orqanlarına birinci növbədə münasib işlə təmin olunmaq məqsədilə müraciət etməlidir. Elə hallar olur ki, sağlam, heç bir peşə və ixtisası olmayan və ya peşə və ixtisası olub münasib işlə təmin edilməsi mümkün olan vətəndaşlar işləmək istəmir, işsizlik müavinəti və ya ünvanlı sosial yardım almaq üçün arayış tələb edir. Təəsüf ki, belə hallar mövcuddur və davam edir.
          Yerli İcra Hakimiyyəti orqanları tərəfindən müəssisə, idarə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə kvota yerləri müəyyən edilir. İşəgötürənlər tərəfindən vətəndaşların kvota yerlərinə işə qəbul edilməsi məcburidir və Azərbaycan Respublikasının qanunvericiliyində öz əksini tapmışdır. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, əlil uşaqları tərbiyə edən qadınlar, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranların, şəhid ailələri, Məşğulluq Xidməti orqanlarına müraciət edib onlara münasib kvota yerlərinə işə düzələ bilərlər.
          Nəzərdə saxlamaq lazımdır ki, işaxtarmaq üçün passiv deyil, aktiv mövqe seçmək lazımdır. Hər bir şəxs özü iş axtarışında müəyyən metodlardan istifadə etməklə şanslarını daha çox artırmalıdır və iş axtararkən öz imkanlarınızı müəyyənləşdirməyi unutmayın.