Həmkarlar ittifaqları


          Həmkarlar İttifaqları ölkənin ümumi sosial-iqtisadi fəaliyyətinə uyğunlaşdırılan məşğulluq siyasətinin işlənilməsinin tərəfdarıdır. Həmkarlar İttifaqları Azərbaycan Respublikasının Qanunvericilik bazasının yaradılmasında və təkmilləşdirilməsində fəal iştirak edirlər.
          Vətəndaşların həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud həmkarlar ittifaqlarına daxil olmaq hüququ, bütün birliklərin (o cümlədən həmkarlar ittifaqülarının) sərbəst fəaliyyətinə təminat Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsinin II bəndində əksini tapmışdır. İşçilərin Həmkarlar İttifaqlarında birləşmək və fəaliyyət göstərmək hüququ Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”, “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanunu və onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarla tənzimlənir. “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində Həmkarlar İttifaqlarının öz üzvlərinin əmək hüquqlarının müdafiə etməsi ilə yanaşı, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak etməsi əks olunmuş, Həmkarlar İttifaqları tərəfindən öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulan qaydada məşğulluq vəziyyətinə, məşğulluq sahəsində təminatlar haqqında qanunvericiliyə əməl olunmasına nəzarəti həyata keçirilməsi nəzərdə tutulmuşdur.
          Həmkarlar İttifaqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”nə ictimai nəzarəti həyata keçirirlər. İşəgötürənlər və əmək münasibətlərinin digər iştirakçıları tərəfindən Həmkarlar İttifaqlarının “Əmək Məcəlləsi”nə və digər normativ hüquqi aktlara əsaslanmış ictimai nəzarətinin həyata keçirilməsinə mane olunmaması, habelə onların qanuni və əsaslı tələblərinə əməl edilməsi Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”ndə əksini tapmışdır.
          Ölkə iqtisadiyyatında nailiyyətlərin əldə edilməsində Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanan üçtərəfli Baş Kollektiv Sazişlərin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Adı çəkilən Sazişlərdə əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları sahəsində hər bir tərəfin öhdəlikləri təfsilatı ilə əks olunur, onların icrası üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur və üzərində ciddi nəzarət təşkil edilir.
          “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda da Həmkarlar İttifaqlarının məşğulluq sahəsində və həmçinin bu Qanununun yerinə yetirilməsinə nəzarətdə iştirakı nəzərdə tutulmuşdur.

Maddə 16. Məşğulluq sahəsində həmkarlar ittifaqlarının iştirakı

16.1. Həmkarlar ittifaqları dövlət məşğulluq siyasətinin, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarının hazırlanmasında iştirak edə bilərlər.
16.2. Həmkarlar ittifaqlarının, onların seçkili orqanlarının məşğulluq sahəsində aşağıdakı hüquqları vardır:
16.2.1. işçilərin kütləvi surətdə sərbəstləşdirilməsi ilə əlaqədar tədbirlərin başqa vaxta keçirilməsi və ya müvəqqəti dayandırılması haqqında işəgötürənlərə və ya onların yuxarı orqanlarına təkliflər vermək;
16.2.2. qanunvericiliyə uyğun olaraq məşğulluğun təmin edilməsi, işə (xidmətə) qəbul, işdənçıxarma, sosial güzəştlərin və təminatların verilməsi məsələlərində vətəndaşların müdafiəsini təmin etmək.
16.3. İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarını və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.
16.4. İşəgötürənlər (onların birlikləri) və müvafiq icra hakimiyyəti orqanları, həmkarlar ittifaqlarının təklifi ilə məşğulluq məsələlərinə dair birgə məsləhətləşmələr aparırlar. Mövcud qanunvericiliyə uyğun olaraq məsləhətləşmələrin yekunlarına görə məşğulluğa kömək göstərilməsinə dair tədbirlər kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutula bilər.
(“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu)
Maddə 30. Yekun müddəaları
30.1. Bu Qanunun tələblərinə əməl olunmasına nəzarət öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmkarlar ittifaqları bu nəzarətdə iştirak edir.

(“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu)