Haqqımızda


       Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində əməyə və əmək adamına bütün zamanlarda mötəbər münasibəti mövcud olmuşdur.
       Bir insanın əmək fəaliyyəti, onun məşğulluğu təkcə onun və ailəsinin maddi tələbatının ödənilməsinin təminat vasitəsi kimi dərk olunmayıb daha geniş anlamda, ümumən, cəmiyyət və məmləkət üçün faydalı olan, daimi yeniliyə, gözəlliyə, iqtisadi irəliləyişinə xidmət edən bir proses kimi qavranılmiş və dəyərləndirilmişdir. Bu mənada əmək fəaliyyəti ilə məşğul olan insan bütün dövrlərdə və bütün cəmiyyətlərdə ictimai rəğbətin dəyişməyən ünvanı olmuşdur.
       1991-ci ilin oktyabrında öz müstəqilliyinə qovuşan Azərbaycan Respublikasında planlı təsərrüfat sisteminin tənəzzülü, eyni zamanda Ermənistan tərəfindən respublikanın ərazilərinin geniş təcavüzə məruz qalması və hər gün on minlərlə insanın qaçqın və köçkün vəziyyətinə düşməsi, günbəgün dərinləşən iqtisadi böhran fonunda işsizlik ağır sosial problem olaraq meydana çıxdı.
       Məhz Azərbaycanın belə çətin, ağır günlərində, işsizliyin ağır sosial bəlaya çevrildiyi vaxtda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 1991-ci il tarixli 211 nömrəli Qərarına müvafiq olaraq Azərbaycan Respublikasında 1 avqust 1991-ci il tarrixdən Dövlət Məşğulluq Xidməti fəaliyyətə başladı. Eyni zamanda yeni yaradılmış Dövlət Məşğulluq Xidməti fəaliyyətinin Qanuni əsaslarla tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Ali Sovetinin 27 iyun 1991-ci il tarixli 147-XII nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında Əhalinin Məşğulluğu Haqqında” Azərbaycan Respublikasının Qanununu 1 oktyabr 1991-ci il tarixdən qüvvəyə minmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 1991-ci il tarixli 212 nömrəli Qərarı ilə əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə tədbirlərin maliyyələşdirməsi üçün Azərbaycan Respublikası Dövlət məşğulluq xidmətinin tərkibində respublika səviyyəsində Dövlət məşğulluğa kömək fondu (Məşğulluq fondu) yaradılmışdır.
       1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarının məşğulluğunun təminatı ilə bağlı hüquqi əsaslar təsbit olunmuşdur. Belə ki, Konstitusiyanın ayrı-ayrı müddəalarında vətəndaşların tam, azad və müstəqil surətdə məşğulluq növü seçmək və s. kimi mühüm hüquqlarının geniş əks olunmasını və əmək və məşğulluğa dair Beynəlxalq Əmək Təşkilatının (BƏT) və digər Beynəlxalq Təşkilatların normativ sənədlərinə uyğun olaraq 2001-ci ilin iyulunda yeni variantda qəbul olunan “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu və digər normativ hüquqi sənədlər ölkədə əhalisinin məşğulluğu təminatının hüquqi bazasını formalaşdırılmışdır.
       Həmin qanuna əsasən məşğulluq - Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyət kimi əks olunmuşdur.
       Qeyd etmək lazımdır ki, respublikada son dövrlərdə iqtisadi inkişafın təşəkkül tapmasına təkan verən bir sıra Dövlət Proqramlarının, o cümlədən “Azərbaycanda kiçik və orta sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003 -2006-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004 -2008-ci illər)”nın xüsusi əhəmiyyəti olmuşdur.
       Beləliklə, Azərbaycan vətəndaşlarının məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi işinin hüquqi tənzimlənməsi sahəsində milli qanunvericilik və normativ bazası sosial iqtisadi inkişaf üzrə Dövlət Proqramlarından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Konstitusiyasından, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunundan və digər müvafiq normativ huquqi aktlardan ibarətdir.
       Məlum olduğu kimi, Azərbaycan Respublikası 1992-ci ildən Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzvüdür və indiyədək bu təşkilatın 57 Konvensiyasını, o cümlədən 7 mühüm Konvensiyasını - “Məcburi əmək haqqında”, 29 №-li, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında”, 111№-li, “Məşğulluq sahəsində siyasət haqqında” 122№-li, “Məşğulluq xidmətinin təşkili haqqında” 88№-li, “Əlillərin peşə reabilitasiyası və məşğulluğu haqqında” 159№-li Konvensiyalarını bütünlüklə ratifikasiya etmişdir.
       Ölkənin əmək və məşğulluq sahəsində qanunvericiliyi hazırlanarkən və təkmilləşdirilərkən, BƏT-in ratifikasiya olunmuş konvensiyalarından, Azərbaycanın qoşulduğu Avropa Sosial Xartiyasından, Avropa Sosial Təminat Məcəlləsindən, habelə Azərbaycanın üzv olduğu Avropa Şurasının alt komitələri ilə sosial sahədə əməkdaşlıq müstəvisində imzalanan sənədlərdən irəli gələn tələblər, beynəlxalq hüquqi normalar ciddi şəkildə nəzərə alınmışdır.
       Azərbaycan Respublikası və Beynəlxalq Əmək Təşkilatı tərəfindən 15 noyabr 2006-cı il tarixdə Cenevrə şəhərində imzalanmış “Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı” rəhbərlik və icra üçün qəbul edilmişdir.
       Məşğulluq sisteminin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri-məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsini təşkil edir. Əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təmin edilməsi “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı(2007-2010-cu illər)”nın da əsas məqsədidir.
       Bu Proqramlar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nın təsdiq edilməsi haqqında Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış Tədbirlər Planında nəzərdə tutulmuş “Azərbaycan Respublikasında gənclərin məşğulluğunun təmin edilməsi sahəsində Milli Fəaliyyət Planının hazırlanması” və “Gənclərin məşğulluğunun təmin edilməsi və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və onun tətbiqi ilə bağlı təkliflərin hazırlanması” bəndinin icrasını və digər vacib məsələləri əhatə edir. Proqramlarda əhalinin bütün kateqoriyalarının, o cümlədən gənclərin məşğulluğunun gələcəkdə daha da gücləndirilməsinə xüsusi yer verilmişdir.

Ünvan:
Salatın Əsgərova, 85 Gediş sxemi
Telefon: (+994 012) 596-43-01
Fax: (+994 012) 497-70-36
E-mail: info@ses.gov.az
İş rejimi: I-V günlər saat 9:00-18:00-dək. Fasilə: 13:00–14:00-dək