Kvota


Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün
kvota tətbiq edilməsi Qaydasına dair


T Ö V S İ Y Ə L Ə R

          «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda (kvota şamil olunmayan müəssisələr istisna olmaqla) kvota üzrə xüsusi iş yerləri müəyyən edilir.
          «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununa əsasən sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aşağıdakılar aid edlir:
- 20 yaşadək gənclər;
- yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı
valideynlər;
- əlil uşaqları tərbiyə edən qadınlar;
- pensiya yaşına 2 ildən az qalmış şəxslər;
- əlillər;
- cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar;
- məcburi köçkünlər;
- müharibə veteranları;
- şəhid ailələri.
          Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası»nın və «Kvota şamil edilməyən müəssisələrin Siyahısı»nın təsdiq edilməsi 22 noyabr 2005-ci il tarixli 213 №-li Qərarı ilə mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda (kvota şamil olunmayan müəssisələr istisna olmaqla) sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək məqsədi ilə kvota tətbiq edilməlidir.
          Həmin Qərara əsasən kvota şamil olunmayan müəssisələrin siyahısına aşağıdakılar aiddir:
- dövlət orqanları;
(dövlət orqanları dedikdə işçilərin işə qəbulu «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən təşkilatlar nəzərdə tutulur.)
- mərkəzi və yerli seçkili orqanlar: Mərkəzi Seçki komissiyası, Dairə Seçki Komissiyaları, (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
- elm və ali təhsil müəssisələri (elmi-pedaqoci fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəziəfələr istisna olmaqla);
- işçilərin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr;
- hərbi qurumların, hüquq-mühafizə, milli təhlükəsizlik və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, pentensiar (cəzaçəkmə və islah-əmək) müəssisələr və istintaq təcridxanaları.

Kvotanın hesablanması və tətbiqi

          Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan Qərarına müvafiq olaraq kvota üzrə iş yerlərinin hesablanması üçün işəgötürənlər hər ilin 1 iyul tarixinə həmin müəssisədəki iş yerlərinin sayı, işçilərin orta illik siyahı sayı haqqında şəhər, rayon Məşğulluq Mərkəzlərinə avqust ayının 1-dək 3-İ №-li statistik hesabat forması təqdim edirlər.
          Təqdim olunmuş hesabatlar avqust ayının 1-dən 10-dək şəhər, rayon Məşğulluq Mərkəzlərinin əmək ehtiyatları, əmək bazarı və məşğulluq proqramları üzrə baş məsləhətçi (bu ştat nəzərdə tutulmayan mərkəzlərdə isə əmək bazarı, məşğulluq proqramları və sosial müdafiə üzrə baş məsləhətçi) tərəfindən toplanılır.
          Avqustun 10-dan 15-dək olan müddətdə müəssisələr tərəfindən təqdim olunmuş hesabatlar Mərkəzin müvafiq baş məsləhətçisi tərəfindən təhlil edilir və işçilərinin orta illik siyahı sayı 25-dən çox olan müəssisə, idarə, təşkilatların siyahısı, eləcə də orada işləyən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sayı, sosial tərkibi aydınlaşdırılır və kvota şamil olunan müəssisələrin sayı müəyyən edilərək Mərkəzin direktoruna yazılı məlumat təqdim olunur.
          Kvota şamil olunan müəssisələrin sayı müəyyən edildikdən sonra avqustun 15-dən sentyabrın 1-dək Məşğulluq Mərkəzinin müvafiq baş məsləhətçisi həmin müəssisələrin rəhbərliyi ilə razılaşdırılmaqla əmək bazarının mövcud şəraitinə uyğun olaraq kvota şamil olunan vətəndaşların hər bir kateqoriyası nəzərə alınmaqla kvota üzrə iş yerlərinin sayını müəyyən edir.           Kvota üzrə iş yerlərinin sayı aşığıdakı qaydada hesablanır:
- işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (1 iş yerindən az olmamaqla) miqdarında (bu halda həmin iş yerlərindən biri əlillər üçün nəzərdə tutulur);

Misal 1.

Təqdim olunmuş 3-İ №-li statistik hesabat formasına əsasən «Fidan» kiçik müəssisəsində 1iyul 2006-cı il tarixə işçilərin sayı 49, işçilərin orta illik siyahı sayı isə 52 nəfər təşkil etmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həmin müəssisədə kvota üzrə iş yerlərinin sayı aşağıdakı düsturla hesablanır:


Kv=52x3:100=1,5=2 (yer)

(Burada «Kv» kvota üzrə iş yerlərinin sayıdır. Kvota üzrə iş yerləri hesablanarkən kəsr yarandıqda ədədin kəsr hissəsi ümumi qaydada yuvarlaqlaşdırılır, yəni kəsr hissəsindəki rəqəm 5-dən böyük olduqda həmin rəqəm atılır və tamın üzərinə 1 əlavə olunur, kəsr hissəsindəki rəqəm 5-dən kiçik olduqda həmin rəqəm atılır və tamın üzərinə heç nə əlavə olunmur).
Bu zaman həmin iş yerlərindən biri əlillər üçün nəzərdə tutulmalıdır.

- işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlillər üçün nəzərdə tutulur):

Misal 2.

Təqdim olunmuş 3-İ №-li statistik hesabat formasına əsasən 1 nömrəli rayon xəstəxanasında 1iyul 2006-cı il tarixə işçilərin sayı 59, işçilərin orta illik siyahı sayı isə 60 nəfər təşkil etmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həmin müəssisədə kvota üzrə iş yerlərinin sayı aşağıdakı düsturla hesablanır:

Kv=60x4:100=2,4=2 (iş yeri).

(bu halda həmin iş yerlərinin biri əlillər üçün nəzərdə tutulmalıdır).
- işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlillər üçün nəzərdə tutulur):

Misal 3.

Təqdim olunmuş 3-İ №-li statistik hesabat formasına əsasən Kommunal Müəssisələr Kombinatında 1iyul 2006-cı il tarixə işçilərin sayı 148, işçilərin orta illik siyahı sayı isə 154 nəfər təşkil etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həmin müəssisədə kvota üzrə iş yerlərinin sayı aşağıdakı düsturla hesablanır:

Kv=154x5:100=7,7=8 (iş yeri).

(bu halda həmin iş yerlərinin dördü əlillər üçün nəzərdə tutulmalıdır).

Misal 4.

Təqdim olunmuş 3-İ №-li statistik hesabat formasına əsasən 1 nömrəli çörəkbişirmə kombinatında 1 iyul 2006-cı il tarixə işçilərin sayı 158, işçilərin orta illik siyahı sayı isə 160 nəfər təşkil etmişdir, eləcə də hazırda həmin müəssisədə 2 nəfər əlil, 3 nəfər məcburi köçkün, 1 nəfər 20 yaşadək gənc və 1nəfər pensiya yaşına 2 ildən az qalmış şəxs, cəmi 8 nəfər sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaş işləyir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həmin müəssisədə kvota üzrə iş yerlərinin sayı aşağıdakı düsturla hesablanır:

Kv=160x5:100=8 (iş yeri).

Bu halda həmin iş yerlərinin dördü əlillər üçün nəzərdə tutulduğu üçün və ümumilikdə həmin müəssisədə 8 nəfər sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaş işləməsinə baxmayaraq əlavə olaraq kvota üzrə 2 iş yeri əlillər üçün nəzərdə tutulmalıdır).
          Bu qayda üzrə kvota şamil olunan vətəndaşların hər bir kateqoriyası nəzərə alınmaqla hesablanmış kvota yerləri Baş Məşğulluq İdarəsi tərəfindən təsdiq edilmiş «Müəyyən edilmiş kvota yerləri haqqında məlumat»da qeyd olunur və Məlumat Mərkəzin direktorunun və müəssisənin rəhbərinin imzası ilə təsdiq edilirək möhürlənir.
          Həmin Məlumatlar sentyabrın 1-dan 10-dək olan müddətdə Mərkəzdə toplanır, ümumiləşdirilərək müzakirə olunmaq üçün Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinə təqdim edilir.
          Sentyabrın 10-dan 15-dək olan müddət ərzində Məşğulluq Mərkəzi tərəfindən təqdim olunmuş Məlumatlar Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrində müzakirə olunur və müzakirənin nəticəsi barədə Protokol tərtib olunur.
          Tərtib olunmuş Protokol sentyabrın 20-dək baxılmaq və təsdiq olunmaq üçün şəhər, rayon İcra Hakimiyyətinə təqdim olunur.
          Təqdim olunmuş sənədlər şəhər, rayon İcra Hakimiyyətində baxıldıqdan sonra oktyabrın 15-dək şəhər, rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə təsdiq olunur və həmin Sərəncamla müəssisə və təşkilatlarda kvota üzrə iş yerləri müəyyən edilir.
          Şəhər, rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı və həmin Sərəncamla müəyyən olunmuş kvota üzrə iş yerləri Ərazi Məşğulluq Proqramına daxil edilir.

Kvota üzrə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbulu

          Kvota üzrə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbulu müəssisələr tərəfindən vətəndaşların birbaşa müraciəti və ya şəhər, rayon Məşğulluq Mərkəzlərinin göndərişi ilə həyata keçirilir.
          İşə qəbul şəhər, rayon Məşğulluq Mərkzlərinin göndərişi ilə həyata keçirildikdə işəgötürən 5 gün müddətində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işə qəbul edilməsi haqqında qərar qəbul edib, Baş Məşğulluq İdarəsi tərəfindən təsdiq olunmuş «Göndəriş»in ikinci hissəsində qeydlər apararaq, eləcə də müvafiq statistika hesabatlarında göstərməklə şəhər, rayon Məşğulluq Mərkəzlərinə məlumat təqdim edirlər.
          İşəgötürənlər tərəfindən «Göndəriş»in ikinci hissəsində müvafiq qeydlər aparmaqla şəhər, rayon Məşğulluq Mərkəzlərinə məlumat təqdim edilməməsi işə qəbul etməkdən imtina kimi qiymətləndirilir və bu halda həmin işəgötürənə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati cəza növü tətbiq olunur.
          Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar işə düzəlmək üçün birbaşa müəssisələrə müraciət etdikləri hallarda işəgötürənlər şəhər, rayon Məşğulluq Mərkzlərinə ən geci 5 gün müddətində məlumat vermək şərti ilə, müəyyən olunmuş kvota hesabına onları işə qəbul edə bilərlər.
          Şəhər, rayon Məşğulluq Mərkəzləri tərəfindən göndərilmiş əlilləri və sosial müdafiəyə ehtiyacı olan digər şəxsləri onlar üçün müəyyən olunmuş kvota üzrə iş yerlərinə qəbul edilməməsinə və habelə Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülməməsinə görə işəgötürünlərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-2 maddəsinə müvafiq olaraq şərti maliyyə vahidinin 50 mislindən 90 mislinədək miqdarda cərimə tətbiq olunur.