Beynəlxalq münasibətlər

13.11.2014

Avropa Təlim Fondu (ETF), Avropa Komissiyası və Şərq Tərəfdaşlığı proqramının birgə təşkilatçılığı ilə 25-27 iyun 2014-cü il tarixlərində İtaliyanın Turin şəhərində “Peşə bacarıqlarının proqnozlaşdırılması və uyğunlaşdırılması” mövzusunda seminar keçirilmişdir.

Avropa Təlim Fondu (ETF), Avropa Komissiyası və Şərq Tərəfdaşlığı proqramının birgə təşkilatçılığı ilə 25-27 iyun 2014-cü il tarixlərində İtaliyanın Turin şəhərində “Peşə bacarıqlarının proqnozlaşdırılması və uyğunlaşdırılması” mövzusunda seminar keçirilmişdir.

Seminarda Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin müxtəlif qurumlarından ibarət nümayəndə heyətləri iştirak etmişdir. Azərbaycan Respublikası adından seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Beynəlxalq əməkdaşlıq sektorunun müdiri  Heydər Cəfərli, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Məsumə Məmmədova,    Dövlət Statistika Komitəsinin əməkdaşı Natella Quliyeva, İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşı Vidadi Baxışov və bu sahədə Azərbaycan üzrə milli ekspert Amin Çərkəzov iştirak etmişdir.

         Seminarda peşə bacarıqlarının uyğunlaşdırılması və proqnozlaşdırılması sahəsində Avropa Təlim Fondunun gördüyü işlər barədə məlumat verilmişdir. Qeyd olunan sahədə istifadə olunan metodlar və hesablama qaydaları barədə geniş müzakirələr olunmuşdur. Seminarda ölkələr üzrə qruplara peşə bacarıqlarının uyğunlaşdırılması və proqnozlaşdırılması sahəsində boşluqların (GAP) analizi məsələləri verilmiş və sonra əldə olunan nəticələr birlikdə müzakirə olunmuşdur. Bundan əlavə olaraq ölkələrin iqtisadi və demoqrafik göstəricilərinin peşə bacarıqlarına təsiri barədə nümayəndə heyətləri arasında fikir mübadilələri aparılmışdır.

         Seminarın sonunda ölkələr arasında beynəlxalq təcrübənin daha da intensiv öyrənilməsi, fikir mübadilələrinin aparılması və bu sahədə yeni metodların inkişaf etdirilməsi üçün peşə bacarıqlarının uyğunlaşdırılması və proqnozlaşdırılması sahəsində ekspertlər şəbəkəsinin yaradılmasına qərar verildi. Avropa Təlim Fondu da öz növbəsində ekspertlər şəbəkəsinin işini səmərəli etmək üçün müvafiq proqram təminatını hazırlamağı və mütəmadi görüşləri keçirməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan üzrə qeyd olunan sahədə ekspertlər şəbəkəsinin əlaqələndirici şəxsi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Beynəlxalq əməkdaşlıq sektorunun müdiri Heydər Cəfərli seçilmişdir.

         Avropa Təlim Fondu tərəfindən peşə bacarıqlarının uyğunlaşdırılması və proqnozlaşdırılması mövzusu üzrə növbəti görüş 2015-ci ilin aprel ayına planlaşdırılır.