Beynəlxalq münasibətlər

13.11.2014

13-17 oktyabr 2014-cü il tarixlərində Layiqli Əməyə Texniki Dəstək Qrupu və Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisi tərəfindən “Gənclərin məşğulluğunun təşviqi” layihəsi çərçivəsində Rusiyanın Sankt Peterburq şəhərində subregional konfrans keçirilmişdir.

Layiqli Əməyə Texniki Dəstək Qrupu və Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisi tərəfindən “Gənclərin məşğulluğunun təşviqi” layihəsi çərçivəsində 13-17 oktyabr 2014-cü il tarixlərində Rusiyanın Sankt Peterburq şəhərində subregional konfrans keçirilmişdir. Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdir müavini Rəna Abdullayeva və Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Beynəlxalq əməkdaşlıq sektorunun müdiri Heydər Cəfərli iştirak etmişdir.

  Tədbir çərçivəsində BƏT-in Baş qərargahının gənclərin məşğulluğu üzrə şöbə müdiri Djanni Rosas, Əməkdaşlıq Departamentinin direktoru Xuan Xant,  BƏT-in Moskva ofisinin məşğulluq üzrə baş mütəxəssisi Olqa Kulayeva və layihənin baş texniki məsləhətçisi Mixayil Pushkin, Turin şəhərində yerləşən Beynəlxalq Tədris Mərkəzinin regional meneceri Yordanka Tsvetkova, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Əmək və məşğulluq üzrə Komitəsinin sədri Dmitriy Çerneyko, Perm vilayətinnin Məşğulluq Agentliyinin nümayəndəsi Natalya Severova, Kalmık Respublikasının Əmək, məşğulluq və sosial inkişaf nazirinin müavini Elza Naxatinova, Braziliya Respublikasının Əmək və məşğulluq Nazirliyinin nümayəndəsi Flavio Xose de Silva Kosta, Çin Respublikasının Pekin şəhərinin insan resursları və sosial sığorta Bürosunun məşğulluq departamentinin direktoru Lina Janq və Cənubi Afrika Respublikasının Kvazulu-Natal vilayətinin Dövlət məşğulluq xidmətinin rəis müavini Dolli Mlaba təqdimatlarla çıxış etmişlər.

Konfrans zamanı ƏƏSMN tərəfindən ezam olunmuş əməkdaşlar tərəfindən Azərbaycanda gənclərin məşğulluğunun təşviqi və artırılması sahəsində görülmüş işlər və planlar barədə məlumat verilmişdir. Tədbir iştirakçılarına Beynəlxalq Əməkdaşlıq Təşkilatı və ƏƏSMN tərəfindən pilot layihə kimi həyata keçirilən “Gənclərin məşğulluğunun artırılması – Dotasiya” layihəsi haqqında ətraflı məlumat verilmişdir. Yaxın zamanlarda Göyçay rayonunda “Gənclərin məşğulluğunun artırılması – Subsidiya” layihəsi barədə də konfrans iştirakçıları məlumatlandırıldı. Bundan əlavə isə gənclərin məşğulluğunun təşviqi sahəsində Azərbaycanda uğurla həyata keçirilən SYSLAB və “Virutal Müəssisələr” layihələri haqqında məlumatlar da təqdim olundu. 

Bununla yanaşı, layihənin əsas sponsoru olan “Lukoyl” şirkəti tərəfindən Vıborq şəhərində yerləşən “Bölüşdürücü yük boşaltma kompleksi – Visotsk “Lukoyl II” şirkətinə və “Lukoyl – Şimal – Qərbneftməhsulu” şirkətinin Sankt-Peterburq ofisinə işçi səfərləri təşkil olunmuşdur.

Konfransın yekununda Beynəlxalq Əmək Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının ekspert qismində Tacikistan Respublikasında gənclərin məşğulluğu sahəsini təhlil və monitorinq etmələri təklif olunmuşdur.