Beynəlxalq münasibətlər

08.12.2014

Dövlət Məşğulluq Xidmətinin rəisi və əməkdaşları 19-20 noyabr 2014-cü il tarixlərində Fransasın Paris şəhərində beynəlxalq seminarda iştirak etmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nümayəndə heyəti 19–20 noyabr 2014-cü il tarixlərində Dövlət Məşğulluq Xidmətlərinin Dünya Assosiasiyasının (WAPES) və Fransa Məşğulluq Xidmətinin Fransanın Paris şəhərində birgə təşkil etdiyi “Dövlət Məşğulluq Xidmətində İnnovasiya Dinamikası və İdeya İdarəetməsi” mövzusunda təşkil edilən seminarda iştirak etmişlər. Seminarda Azərbaycan, Rusiya, Estoniya, Türkiyə, İsveç, Norveç, İsveçrə, Almaniya, Böyük Britaniya, Belçika, Finlandiya, Avstriya, Bolqarıstan, Serbiya, Xorvatiya, Argentina, Meksika, Koreya, Yaponiya, Mərakeş, Əlcəzair, Kamerun, Niger, Qana, Konqo və s. ölkələrdən 120 nəfərədək nümayəndə iştirak edirdi.

Seminarın plenar iclaslarında “İnnovasiya metodologiyası” mövzusunda Fransa Məşğulluq Xidmətinin Şirkətlərin innovasiyası və sosial məsuliyyəti məsələləri üzrə nümayəndəsi Reynald Chapuis “Fransa Məşğulluq Xidmətində İnnovasiya” və Böyük Britaniyanın İş və pensiyalar Departamentinin beynəlxalq əlaqələr üzrə direktoru Martin Fitçez  “Azadlıq və rahatlıq” mövzusunda çıxış etdilər. Daha sonra “Dövlət Xidmətlərində innovasiyanin idarə edilməsi və ölçülməsi” mövzularında çıxışlar oldu və “Dövlət Məşğulluq Xidmətlərində işçilərin və müştərilərin cəlb edilməsi” mövzusunda müzakirələr aparıldı.

         Seminarın yekununda Dövlət Məşğulluq Xidmətlərinin Dünya Assosiasiyasının (WAPES) Avropa regionu üzrə vitse-prezidentliyindən Xorvatiya Məşğulluq Xidmətinin nümayəndəsi Adriana Kudina və Fransa Məşğulluq Xidmətinin beynəlxalq əlaqələr üzrə direktoru Annie Gauvin söz alaraq tədbir boyunca müzakirələrin, təqdimatların və çıxışların Dövlət Məşğulluq Xidmətlərinin inkişafına müsbət təsir edəcəyinə əmin olduqlarını bildirdilər və əlavə etdilər ki, Məşğulluq Xidmətləri daha çox vətəndaşları cəlb etmək və müsbət dəyişikliklərdən faydalanmaq üçün innovasiya proseslərində yaxından iştirak etməli, yeni ideyalar və layihələr tətbiq etməlidirlər.

Tədbir zamanı tövsiyə olundu:

-         İnnovasiyalar tətbiq olunmazdan əvvəl onun strategiyası düzgün formada təyin olunmalıdır;

-        Məşğulluq Xidmətləri orqanlarında yeniliklərin aparılması üçün ilk növbədə məşğulluq xidməti orqanlarının əməkdaşlarının inkişaf etdirilməsi vacibdir;

-         Elektron xidmətlərin artırılması və həmin xidmətlərin monitorinqi təşkil olunmalıdır;

-         Məşğulluq Xidmətləri orqanlarının işində yüksək texnologiyalardan istifadə olunmalıdır;

-         Əmək bazarında tələblərin qarşılanması üçün müasir təklif və təşəbbüslərlə çıxış etmək lazımdır;

-         Tətbiq olunması istənilən yeniliklər sınaqdan keçirilməlidir;

-         İstifadə olunan köhnə metodları müasirləşdirib daha da yaxşı nəticələr əldə etmək mümkündür;