Beynəlxalq münasibətlər

01.11.2017

Məşğulluq xidmətləri sahəsində Litva ilə təcrübə mübadiləsi aparılır

22-28 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti “Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində Litva Respublikasında səfərdə olub. 

Səfərin ilk günündə Litva Respublikasının Əmək Birjasının rəhbərliyi ilə keçirilmiş görüşdə qurumun fəaliyyətinin təşkili və məşğulluq sahəsində islahatlar barədə müzakirə aparılıb. Bununla yanaşı, nümayəndə heyətinə Əmək Birjasının nailiyyətləri, iş metodları, Avropa İttifaqının (Aİ) DMX-lərin müqayisəli təhlili, yerli əmək bazarının proqnozlaşdırılması, informasiya sistemləri və gənclərin məşğulluğu barədə təqdimatlar edilib. 

Daha sonra Vilnüs Universitetinin hüquq fakültəsinin müəllim heyəti və tələbələri ilə görüş keçirilib. Nümayəndə heyətinə başçılıq edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurları, o cümlədən məşğulluq və sosial müdafiə islahatlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Səfər zamanı Litva Respublikasının Alitus rayonunun və Druskininkai şəhərinin rəhbərliyinin və sosial tərəfdaşların nümayəndələrinin iştirakı ilə işsizliyin aradan qaldırılması, gənclərin məşğulluğu, dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilən proqramlar müzakirə olunub. Bundan əlavə, həmin regionların məşğulluq orqanlarının fəaliyyəti yaxından öyrənilib, özünüməşğulluq layihələri, işəgötürənlərlə əməkdaşlıq, sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğu və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti Vilnüs və Alitus şəhərlərində dövlət dəstəyi ilə yaradılmış sosial müəssisələrin, o cümlədən Trakai şəhərindəki sağlamlıq imkanları məhdud şəxslər üçün peşə reabilitasiya mərkəzinin fəaliyyəti ilə tanış olub.