Terminlər


Məşğulluq - əsas anlayışlar


Məşğulluq - Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra vətəndaşların) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir;

Müvəqqəti məşğulluq - vətəndaşların müəyyən müddət ərzində ictimai-səmərəli fəaliyyətidir;

Əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli əhali - Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş aşağı və yuxarı yaş həddi arasında olan və hər hansı əmək fəaliyyətini həyata keçirmək iqtidarında olanlardır;

İşsiz vətəndaş - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında* işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir;

Vakansiya - işəgötürənlərin boş olan və iş qüvvəsi tələb edən iş yeridir;

Özünüməşğulluq - əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsidir;

Əmək bazarı - iş qüvvəsinə olan tələb və təklifin məcmusudur;

Kvota - müvafiq icra hakimiyyəti orqanları** tərəfindən işəgötürənlərə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işlə təmin etmək üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayıdır;

İlk dəfə işaxtaranlar - əmək fəaliyyətinə ilk dəfə başlamaq istəyən və əvvəllər işləməyən əmək qabiliyyətli şəxslərdir.


("Məşğulluq haqqında" Qanun, maddə 1.)



*Məşğulluq xidməti orqanları nəzərdə tutulur.
**Yerli İcra Hakimiyyəti orqanları nəzərdə tutulur.