Fəaliyyətimiz

30.11.2017

Cocuq Mərcanlıda əhalinin məşğulluğunun dəstəklənməsi məsələlərinə dair müşavirə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Cocuq Mərcanlı kəndində bu kəndin və ətraf ərazilərin yerli əmək resurslarının məşğulluğunun təminatı ilə əlaqədar görüləcək işlərin müzakirəsinə həsr olunan müşavirə keçirilib.

Müşavirədə Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli aktiv məşğulluq tədbirlərinin təşkili zamanı işğal altında olan rayonlar üzrə işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatının daim diqqətdə saxlandığını, bu sahədə məqsədyönlü işlərin aparıldığını bildirib. O diqqətə çatdırıb ki, Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində bu ilin yanvar-oktyabr aylarında 43 min 746 nəfər işsiz və işaxtaran şəxs münasib iş yerləri, 919 nəfər haqqı ödənilən ictimai işlərlə təmin olunub. Xidmətin xətti ilə 2920 nəfər üçün əmək bazarında rəqabətə davamlı peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.

Bildirilib ki, Prezidenti İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin məşğulluq, eləcə də gələcəkdə kiçik ailə biznesinə çıxış imkanlarına malik olmalarında mühüm rol oynayır. Proqram çərçivəsində cari ildə 1153 nəfərin ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurmaları üçün aktivlərlə (mal və materiallarla) təminatı həyata keçirilib. Onlar verilmiş aktivlərdən səmərəli şəkildə istifadə edərək biznes-planlarına uyğun və ailə əməyinə əsaslanan təsərrüflarını qura biliblər.

Müşavirədə Cocuq Mərcanlı kəndində və ətraf ərazilərdə yerli əmək bazarının vəziyyəti, mövcud məşğulluq sahələri, əmək resursları, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının icrası üçün yerli potensial və sair ilə bağlı geniş müzakirələr aparılıb, aidiyyəti üzrə təkliflər verilib. Eyni zamanda, Cocuq Mərcanlı kəndində yerli sakinlərdən öz doğma kəndlərində müxtəlif ictimai-iaşə xidmətlərinin göstərilməsi üçün fərdi təsərrüfatlar, istehsal və ya emal yönümlü müəssisələr qurmaq istəyənlərin özünüməşğulluq proqramına cəlb edilməsi təmin olunacaq.

Ümumilikdə, Cocuq Mərcanlıda əhalinin səmərəli məşğulluğunun artırılması üçün məqsədyönlü işlər aparılacaq. Bu tədbirlər həm yerli sakinlərin məşğulluğunun artırılmasına, həm də ərazidə iqtisadi həyatın daha da canlanmasına, kiçik sahibkarlığın genişlənməsinə əlavə dəstək olacaq.