Fəaliyyətimiz

29.01.2018

Məşğulluq Xidmətinin modernləşdirilməsi layihəsi çərçivəsində Litva və Avstriya Respublikalarının ekspertlərinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinə səfəri təşkil olunmuşdur.

 “Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində 2017-ci ilin noyabr ayından başayaraq Litva, Avstriya Respublikalarının və İsveç Krallığının ekspertlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə səfərləri təşkil olunur.  

Səfər zamanı bir sıra görüşlər təşkil olunaraq Məşğulluq Xidməti orqanlarının fəaliyyət istiqamətləri, məşğulluq sahəsində qəbul olunmuş yeni normativ hüquqi aktlar, həyata keçirilən aktiv və passiv məşğulluq tədbirləri, mövcud elektron xidmətlər, sosial tərəfdaşlıq çərçivəsində görülən işlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən işaxtaran vətəndaşlar üçün keçirilən təlimlər və onlara verilən subsidiyalar haqqında, eləcə də Məşğulluq Xidməti orqanlarına işə qəbul prosessi barədə tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılır.

Bununla yanaşı cari ilin yanvar ayı ərzində Litva və Avstriya Respublikalarının nümayəndələrinin Dövlət Məşğulluq Xidmətinin iş prossesi və fəaliyyəti ilə bağlı tanışlıq məqsədi ilə 24 yanvar 2018-ci il tarixdə Sumqayıt şəhər Məşğulluq Mərkəzinə səfər təşkil olunmuşdur. Səfər zamanı Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru Elxan Bədəlov Mərkəzin fəaliyyəti barədə məlumat verərək qonaqları işaxtaran və işsiz vətəndaşlara mərhələli şəkildə göstərilən xidmətlərlə və onlarla aparılan işlərlə tanış etmişdir. Görüş zamanı işaxtaran vətəndaşların qeydiyyata alınması, onlara uyğun vakansiyaların təklif olunması, işsiz statusun verilməsi və müavinətin təyin olunması şərtləri, peşə hazırlığı kurslarının təşkili, sosial tərəfdaşlarla görülən işlər və digər aktiv məşğulluq tədbirləri barədə ətraflı məlumatlar verilmiş, ekspertləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.