Fəaliyyətimiz

21.05.2018

Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində dəyirmi masa keçirilmişdir.

 Səbail rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə  17.05.2018-ci il tarixində  Azərbaycan Dövlət İqtisad Universitetində yuxarı kurs tələbələri üçün “İş axtarmağın metodologiyası” və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi“(dotasiya) mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Səbail rayon Məşğulluq Mərkəzinin direktoru Fərəc Qasımzadə çıxış edərək bildirmişdir ki,  bu tədbiri  keçirməkdə məqsəd ali təhsil müəssisələrinin  tələbələrinə öz ixtisasları üzrə iş axtarışı, işəgötürənlərlə düzgün ünsiyyətin qurulması, habelə işə düzəlməyin metodologiyasına dair bilik və bacarıqların formalaşması sahəsində müvafiq məsləhətlərin verilməsidir. Bu cür tədbirlərin keçirilməsi tələbələrin məzun olduqdan sonra ixtisaslarına uyğun iş yeri ilə təmin olunmasında  işəgötürənlərə  ixtisaslı  kadrların  seçimində mühüm əhəmiyyət  kəsb  edir. Eyni zamanda tədbirdə məşğulluq haqqında mövcud qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərdən, bu sahədə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlardan söhbət açılmış və tələbələrin məzun olduqdan sonra ixtisaslarına uyğun iş yeri ilə təmin olunmasında mühüm rol oynayan “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Proqramı” və digər aktiv məşğulluq tədbirləri tələbələrin  nəzərinə çatdırılmış, qeyd olunan proqrama cəlb olunanların əmək haqlarının 50 faizinin işsizlikdən sığorta vəsaiti hesabına ödənilməsindən danışılmışdır.  Tədbirdə tələbələrə iş axtarmanın  mərhələləri və yolları haqqında, işaxtarma şəbəkəsi,  şəxsi peşəkar keyfiyyətlər barədə,  xülasənin tərtibi və özünütəqdimat barədə ,  müsahibə zamanı işəgötürənə verilə bilən suallar haqqında,  müsahibəyə hazırlaşmaq və özünü aparmaq qaydaları üzrə geniş məlumatlar  verilmişdir.Tədbirdə tələbələr tərəfindən böyük maraqla qarşılanan onları maraqlandıran müxtəlif suallar ətrafında diskussiyalar aparılmışdır.

Sonda tədbir iştirakçıları Məşğulluq Mərkəzləri tərəfindən gənclərin işaxtarma prosseslərində bir sıra çətinliklərin aradan qaldırılmasında belə tədbirlərin  mühüm əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə görüləcək işlərin davam etdiriləcəyini bildirmişlər.