Fəaliyyətimiz

18.07.2008

İşsizliyin ağır sosial bəlaya çevrildiyi vaxtlarda Əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Xidməti yaradıldı.

Azərbaycan 1991-ci ilin oktyabrında öz müstəqilliyinə qovuşdu, lakin ölkədə hakimiyyətsizliyin, hərc-mərcliyin hökm sürməsi, digər tərəfdən, uzun onilliklər boyu mövcud olmuş sovet iqtisadi münasibətlərinin tənəzzülü və yeni iqtisadi sistemin hələ formalaşmaması, eyni zamanda Ermənistan tərəfindən respublikanın ərazilərinin geniş təcavüzə məruz qalması və hər gün on minlərlə insanın qaçqın və köçkün vəziyyətinə düşməsi xalqa bu müstəqilliyin sevincini yaşamağa imlan vermədi, əksinə, saysız-hesabsız problemlər, günbəgün dərinləşən iqtisadi böhran və işsizliyin ağır sosial bəlaya çevrilməsi insanların hətta gündəlik iş-gündəlik çörək ümidinə belə qənim kəsildi.
Məhz Azərbaycanın belə çətin, ağır günlərində, işsizliyin ağır sosial bəlaya çevrildiyi vaxtlarda Əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Xidməti yaradıldı.
Əlbəttə, həmin vaxtlarda belə bir qurumun yaradılması işsizlik probleminin azacıq da olsa səngiməsinə səbəb olmalıydı. Lakin o zamankı respublika hakimiyyətində siyasi səriştəsizlik və baş alıb gedən, az qala məhəlli xarakter alan mənəm-mənəmlik və qarşıdurma meylləri, xalqdan uzaq olan, yalnız şəxsi ambiçiyalarına xidmət edən “siyasi”lərin fitnə- fəsadları təzə təzə cücərməkdə olan dövləti və onun müstəqilliyini məhvə aparır, idarəçilik faktiki iflasa uğrayırdı. Belə bir vəziyyətdə Məşğulluq Xidməti də dövlətin bir qurumu olaraq, yalnız öz müvazinətini qoruyub saxlamaqdan başqa heç nə edə bilməzdi.
Digər tərəfdən, əhalinin məşğulluğunun təminatı ilə bağlı dövlət siyasəti, müvafiq qanunvericilik bazası olmadan dövlətin məşğulluq xidməti orqanları irəliyə doğru addım ata bilməzdi və nə nəzəri, nə də praktik cəhətdən bu, mümkün deyil.
Yalnız 1993-cü ilin iyununda dünya şöhrətli siyasi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli çağırışına cavab olaraq respublika rəhbərliyinə qayıdandan sonra Azərbaycanda bütün sahələrdə böhran və tənəzzülün qarşısının alınması, ictimai-siyasi sabitliyin bərqərar olunması və dövlət quruculuğuna başlanılması istiqamətində geniş vüsətli işlərə başlanıldı ki, bu işlər, ümumən, Azərbaycanı tənəzzüldən tərəqqiyə doğru aparmaqla, ölkənin iqtisadi və sosial inkişafına dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmlənməsinə, ölkənin dünya birliyində özünə layiqli yer tutmasına səbəb oldu. Bunun məntiqi nəticəsi olaraq Məşğulluq Xidməti orqanlarının fəaliyyəti də öz səmərəliliyini artırmış, işaxtaran və işsiz vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinə yönəldilmiş bir sıra aktiv məşğulluq tədbirləri daha vüsətlə həyata keçirilməyə başlanılmışdır.
İşədüzəltmə, Əmək Yarmarkaları, Əmək Birjaları, peşəyönümü məsləhətlərinin verilməsi, peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarının təşkili, haqqı ödənilən ictimai işlərin təşkili işaxtaran və işsiz vətəndaşların məşğulluğunun təmin edilməsində mühüm rol oynamağa başlamışdır.
Aktiv Məşğulluq tədbirlərindən olan Peşəyönümü işinin gücləndirilməsi Məşğulluq Xidməti orqanlarının diqqət mərkəzindədir. Gənclərin meyl və maraqlarını müəyyən etmək, habelə regionun mövcud əmək bazarının vəziyyəti haqqında onlarda aydın təsəvvür yaratmaq məqsədi ilə onların peşəyönümü işinə cəlb olunması həyata keçirilir. Bu sahədə işin səmərəliliyinin artırılması, əhali arasında peşəyönümü işinin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədi ilə Respublikanın müxtəlif yerlərində, xüsusilə iri sənaye şəhərlərində gənclərin müasir və əmək bazarında daha çox tələbat olan peşələri seçmələri üçün Məşğulluq Mərkəzləri nəzdində peşəyönümü metodiki kabinetləri fəaliyyət göstərir. Bununla yanaşı peşəyönümü məsləhətləri birbaşa olaraq orta ümumtəhsil məktəblərinin özündə təşkil olunur. Bu tədbirlərdən ən önəmlisi qeyri-məşğul əhalinin işlə təmin olunması imkanlarının genişləndirilməsi, özünüməşğulluğun inkişaf etdirilməsi, əmək bazarında rəqabətə davamlılığının artırılması məqsədi ilə təşkil edilən peşə hazırlığı kurslarıdır. Peşə hazırlığı kursları Məşğulluq Mərkəzləri ilə bağlanmış müqavilələrə uyğun olaraq tədris müəssisələrində və Regional Peşə Tədrisi Mərkəzlərində həyata keçirilir. Peşə hazırlığı kursları “Məşğulluq haqqında” Azərbaycan respublikasının Qanununun 19-cu maddəsinə, eləcə də “İşaxtaran vətəndaşlarin peşə hazirliğinin təşkili qaydaları”na uyğun olaraq təşkil edilir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq əmək bazarının tələblərində pozitiv dəyişikliklər əldə edilmiş, yeni, mütərəqqi peşələrə tələbat yaranmışdır. Bununla əlaqədar olaraq peşə hazırlığı kurslarının səmərəliliyini artırmaq, onu keyfiyyətcə daha yüksək səviyyəyə qaldırmaq məqsədi ilə beynəlxalq təcrübədən istifadə olunmaqla müasir tədris texnologiyalarının tətbiqi zərurət kimi meydana gəlmişdir. “Yoxsulluğun azaldılması və sosial iqtisadi inkişaf üzrə Dövlət Proqramı”na uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyi ilə yaradılan Regional Peşə Tədrisi Mərkəzi bu zərurətin məntiqi nəticəsidir.
Yüksək texniki tələblərə cavab verən Tədris Mərkəzində yeni tədris metodikasının tətbiqi tələb olunurdu. Məhz Ukraynanın Əmək və Sosial Siyasət nazirliyi ilə birgə imzalanmış protokola əsasən Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə inkişaf etmiş dövlətlərdə geniş yayılmış Modul Tədrisinin Texnologiyasından istifadə olunmasına köməklik göstərilməsi məqsədi ilə Ukrayna mütəxəssisləri Respublikaya dəvət olunmuşlar. Qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının və Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Milli Sosial Müdafiə Sisteminin inkişafı layihəsinə uyğun olaraq modul tədris proqramları hazırlanmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.
Əmək Vərdişləri Modulları adlanan bu sistem fasiləsiz peşə təhsilini təmin edir. Yəni modul tədrisi istehsalat sahələrində müasir texnologiyanın tətbiqi ilə əlaqədar istehsalatdan ayrılmamaq şərtilə işçilərin peşə səriştəsinin artırılmasına imkan verir. Modul təhsilinə keçid, məntiqi olaraq, fərdi təhsil şəraitində fəal və müstəqil fəaliyyəti və kredit-reytinq sistemini nəzərdə tutan Bolonya deklarasiyasının əsas prinsiplərindən irəli gəlir.
Bununla yanaşı yüzminlərlə yeni iş yerlərinin yaradılması insanların layiqli əməklə təmin edilməsinə şərait yaratmış, aktiv məşğulluq tədbirlərinin daha dolgun keçirilməsinə səbəb olmuşdur.