Fəaliyyətimiz

21.01.2009

Sumqayıt Məşğulluq Mərkəzi beynəlxalq təcrübəyə əsaslanan yeni texnologiyaların tətbiqi ilə yeni iş üslubunda fəaliyyət göstərəcək

Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramında (2007-2015-ci illər) ölkədə işsizliyin minumuma endirilməsi və bu məqsədlə məşğulluğun səmərəliliyinin artırılması, fəal məşğulluq tədbirlərinin reallaşdırılması prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Məşğulluq İdarəsinin rəhbərliyi bu istiqamətdə tədbirlərin görülməsini diqqət mərkəzində saxlayırlar. Bu məqsədlə, beynəlxalq təcrübələr öyrənilmiş və ölkənin sosial-iqtisadi inkişaf amilləri nəzərə alınmaqla fəal məşğulluq tədbirlərinin gücləndirilməsi üçün Sumqayıt Məşğulluq Mərkəzində yeni texnologiyalara əsaslanmış “Pilot” layihə gerçəkləşdirilmiş və 2008-ci ilin dekabrın 24-də bu layihənin təqdimatı olmuşdur.
Respublikada bu ilk “Pilot” layihənin Sumqayıtda təşkil edilməsi bu şəhərdə olan böyük əmək ehtiyatlarından daha effektivli istifadə edilməsi və işaxtaran vətəndaşların məşğulluğunun təminatının yeni keyfiyyət mərhələsinə qaldırılmasına əsaslı təkan verəcəkdir.
Qeyd etmək lazımdır ki, Sumqayıt Azərbaycanın iri sənaye mərkəzidir. Şəhərin əhalisi məcburi köçkünlərlə birlikdə 345 min nəfərdir. Burada əmək ehtiyatları 203 minə yaxındır və bunun 183 mini əmək qabiliyyətlidir. Bu əmək qabiliyyətli əhalinin 142 min nəfəri istehsal və qeyri-istehsal sahələrində çalışır. Hazırda şəhər Məşğulluq Mərkəzində qeydiyyatda olan işaxtaran vətəndaşların sayı 16102 nəfərdir. İl ərzində mərkəzə müraciət edənlərin sayı 3 min nəfərdən çoxdur.
“Pliot” layihə çərçivəsində Mərkəzin xidməti ərazisi və iş strukturu yenidən qurulmuş, əsaslı təmir aparılmış və beynəlxalq standartlara cavab verən əməliyyt-xidmət zalı yaradılmışdır. Burada dolğun informasiya güşələri, dispetçer xidməti, informasiya köşkü, müstəqil iş axtarma, işaxtaranlara aktiv dəstək, sosial müdafiə və peşə yönümü sektorları iş axtaranların sərəncamına verilmişdir. Psixoloq xidməti xüsusilə diqqəti cəlb edir. Metodiki-seminar kabineti, videoteka, daxili mini-ATS, müasir kompüterlər, sürətli internet, hər cür avadanlıq və mebellərlə təhciz edilmiş xidməti kabinetlər, daxili kitabxana Məşğulluq işçilərinin yeni keyfiyyətlər səviyyəsində xidmət göstərməsinə imkan verəcəkdir.
Yeni “Pilot” layihənin açılış mərasimində Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin məsul işçiləri, Baş Məşğulluq İdarəsinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Bakı şəhəri və onun rayonlarının Məşğulluq Mərkəzinin direktorları, kütləvi-informasiya və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.