Fəaliyyətimiz

07.10.2011

Bakı Məşğulluq İdarəsində Syslab Mərkəzinin açılışı olmuşdur

       Azərbaycanın dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməsi, ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli iqtisadiyyat sektorlarının sürətli inkişafı, əmək bazarındakı transformasiyalara adekvat münasibət və operativ tədbirlər tələb edir. Digər tərəfdən, müasir dövrdə işaxtaran vətəndaşların karyera qururculuğu problemləri özünü göstərməkdədir. Təsadüfi deyildir ki, inkişaf etmiş ölkələrdə bu problemlər hələ də diqqət mərkəzindədir. Müstəqilliyinin 20 illiyini qeyd edən Azərbaycanda hazırda milli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə dünya təcrübəsindən yararlanmaq üçün beynəlxalq layihələr həyata keçirilir. Belə tədbirlərdən biri də 4 oktyabr 2011-ci il tarixdə fəaliyyətə başlamış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakıdakı nümayəndəliyi və Norveçin SYSLAB şirkəti ilə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində SYSLAB Bakı Mərkəzinin açılışının baş tutmasıdır.
       Mərkəz il ərzində 120 nəfər iş axtaran şəxslərə təlim dəstəyi göstərmək, iş axtarma bacarıqlarını inkişaf etdirməklə dövlətin həyata keçirdiyi məşğulluq siyasətində innovasiyanın inkişafına töhvə vermək və iş axtaranları əmək bazarına inteqrasiya etməyi məqsəd tutur. Layihədə iştirak etdikləri 4-6 ay ərzində orta hesabla iştirakçıların 80%-i iş tapmağa müvəffəq olurlar. Layihə təlimlər, fəal iş axtarma, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi və s olmaqla bir neçə mərhələdən ibarətdir. 1992-ci ildə noyabr ayının 23-də Bergendə təsis edilən SYSLAB – İnnovasiya və Məşğulluq üzrə Sistemlər Laboratoriyası SYSLAB International Assosiyasıyasının məhsuludur.
       Açılış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakıdakı nümayəndəliyinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, SYSLAB Norveç şirkətinin, yerli və xarici şirkətlərin və həmçinin KİV –nin nümayəndələri iştirak etmişlər. Syslab Norveçin Baş İcraçı Direktoru Jan S. Johannessen öz çıxışında bu kimi mərkəzlərin hələ 20 il bundan qabaq Norveç və digər ölkələrdə yaranmasından və həmin mərkəzlərdə təlim keçmiş gənclərin əksəriyyətinin uğurlu karyera qurduğunu bildirmişdir.
       Lahiyənin həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidməti rəhbərliklərinin tövsiyyələri və problemlərin həllinə operativ yanaşmaları mühüm rol oynamışdır. Bakı şəhər Məşğulluq İdarəsinin direktoru Şəfa Əliyev bildirmişdir ki, bu kimi layihələr işədüzəlməkdə çətinlik çəkən ali təhsilli gənclər üçün əlavə stimullar verəcək, onların əmək bazarına inteqrasiyasını asanlaşdıracaq, işəgötürən şirkət və kompaniyalarla onlar arasında əlverişli ünsiyyət mühiti yaradacaqdır. Hazırda Bakı şəhəri üzrə aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi, yerli məşğulluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə bir sıra digər layihələrin də həyata keçirilməsi baxılmaqdadır.