Fəaliyyətimiz

27.10.2011

Layiqli əməyin təminatında Dövlət Məşğulluq Xidmətinin roluna həsr olunmuş beynəlxalq konfrans keçirilib

Oktyabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatcılığı və Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə «Layiqli əməyin təminatında Dövlət Məşğulluq Xidmətinin rolu: müasir yanaşmalar və prioritetlər» mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirin keçirilməsində məqsəd layiqli əməyin təmin olunmasında Şərqi və Mərkəzi Avropa ölkələrinin dövlət məşğulluq orqanlarının gördüyü işlər, əldə olunmuş nəticələr və prioritetlər haqqında təqdimatların dinlənilməsi, regional əməkdaşlığın gücləndirilməsi, fikir və təcrübə mübadilələrinin aparılması olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə keçən konfransda Milli Məclisin, ayrı-ayrı aidiyyatı hökumət və qeyri-hökumət təşkilatlarının məsul şəxsləri, Beynəlxalq Əmək Təşkilatının ekspertləri, MDB, Şərqi və Mərkəzi Avropa ölkələrinin (Rusiya, Xorvatiya, Gürcüstan, Türkiyə, Ukrayna, Danimarka və İsvec) dövlət məşqulluq orqanlarının rəhbərləri iştirak edib.
Konfransı giriş sözü ilə açan nazir Fizuli Ələkbərov bildirib ki, ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən layiqli səviyyədə davam etdirilməsi, dövlət başçımızın düzgün düşünülmüş məqsədyönlü siyasəti sayəsində ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin sırası daim genişlənir. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra son 20 il ərzində bütün sahələrdə olduğu kimi, sosial rifahın təmin olunması, o cümlədən yeni iş yerlərinin açılması, işsizliyin aradan qaldırılması sahəsində də mühüm işlər görülmüş, yoxsulluq səviyyəsi kəskin şəkildə aşağı enərək 9 faizə, 950 mindən çox yeni iş yerinin açılması nəticəsində işsizlik səviyyəsi 5,5 faizə düşmüşdür.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli 2167 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının birinci mərhələsini təmin edən "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)" uğurla icra edilmişdir. "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" layihəsi hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuşdur. Hazırda əmək potensialının keyfiyyətcə yüksəldilməsi, layiqli əməyin təminatı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, qeyri-formal məşğulluğun azaldılması qarşıda duran əsas vəzifələrdəndir.
Bu sahələrdə beynəlxalq əməkdaşlıq şəraitində dünya təcrübəsindən istifadəyə xüsusi önəm verilir və keçirilən bu konfrans da ayrı-ayrı ölkələrin müvafiq sahədə təcrübəsinin öyrənilməsi, fikir və təcrübə mübadilələrinin aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin beynəlxalq təşkilatlarla daim güclənən əməkdaşlığını yüksək dəyərləndirərək, keçirilən belə tədbirlərin əmək və məşğulluq sahəsində siyasətin təkmilləşməsinə müsbət təsir göstərdiyini vurğulayıb. Gənclər və turizm nazirinin müavini İntiqam Babayev gənclərin, xüsusən ali təhsil məzunlarının əmək bazarına çıxışına geniş imkanlar yaradılması sahəsində görülən işlər barədə məlumat verib.
Konfransda Beynəlxalq Əmək Təşkilatının ekspertlərinin, MDB, Şərqi və Mərkəzi Avropa məkanına aid ölkələrin dövlət məşğulluq orqanlarının rəhbərlərinin müvafiq mövzularla bağlı təqdimatları dinlənilib, geniş fikir və təcrübə mübadilələri aparılıb.