Fəaliyyətimiz

09.12.2011

Bakı şəhərində işaxtaran vətəndaşlar SYSLAB Mərkəzinin təlimlərindən faydalanırlar

       2011-ci ilin oktyabr ayından başlayaraq, Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakıdakı nümayəndiliyi və Norveçin SYSLAB şirkəti ilə birlikdə Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsində “Azərbaycanda innovasiyanın və məşğulluğunun inkişafı” layihəsi üzrə təlimlər başlamışdır. Layihə çərçivəsində 40 nəfər ali təhsilli işaxtaran vətəndaşlar müsahibə yolu ilə seçilərək təlimlərə cəlb olunmuşdur. Təlim proseslərində daha layiqli işlərə düzəlmək istəyən gənclərə motivasiya, təqdimatlar keçirmək bacarığı, komanda işi, fərdi bacarıqların təhlili, işəgötürənlərlə əlaqə yaratmaqda telefon danışığı texnikaları, CV və rezüme yazılışlarının ən optimal variantları, müsahibə-intervyu bacarıqları kompleks öyrədilir. Təlim proseslərində nəzəri və praktiki biliklərlə yanaşı, müxtəlif özəl və dövlət müəssisələri ilə işgüzar əlaqələr qurulmuş, ekspertlər və təlimçilər dəvət olunmuşlar. Bu tədbirlərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Rabitə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Prezident yanında Dövlət Qulluğuna işə qəbul üzrə komissiyası, “Azəpoçt”, “Azərcell Telecom”, “Bank Standart”, “Bank Respublika”, “Access Bank”, “İdeal parfumery & cosmetics” şırkətləri və sair şirkət və qurumların rəsmi nümayəndələrinin təlim iştirakçıları ilə üzbəüz görüşləri təşkil edilmişdir. Qeyd etmək lazımdır ki, təlim iştirakçıları mütəmadi olaraq, Bakı şəhər Məşğulluq İdarəsinin və yerli məşğulluq orqanlarının təşkil etdikləri aktiv məşğulluq tədbirlərində iştirak etmiş və beynəlxalq təşkilatlar tərəfindən keçirilən “Təhsil və karyera” sərgilərinə səfər etmişlər. Beynəlxalq praktikaya əsasən bu tipli layihələrdə təlim keçənlərin 80 %-i əsasən məşğulluq problemlərini həll etmiş olurlar. Bu layihənin Azərbaycanda ilk dəfə başlamasına baxmayaraq, ilkin nəticələri çox gözləmək lazım gəlməmişdir. Artıq layihənin 20 nəfərdən çox iştirakçisi müxtəlif sahələr üzrə özəl və dövlət müəssisələrində müvafiq iş taparaq, öz məşğulluq problemlərini həll etmişlər. Işlə təmin olunmuş gənclərin arasında əsasən kredit mütəxəssisi, ingilis dili üzrə mütəxəssis, İT üzrə proqramçılar, mühasib, təhlükəsizlik üzrə məsul işçilər, menecer və operatorlar və sair sahələr üzrə işədüzələnlər daha çoxluq təşkil edir.
       Bakı şəhər Məşğulluq İdarəsinin direktoru Şəfa Əliyev bildirmişdir ki, hazırda təlimlərə cəlb edilmiş digər gənc işaxtaranların işəgötürənlərin nümayəndələri ilə fəal əlaqəsi qurulur, müvafiq vakansiyalar üzrə onların işlə təmin olunması istiqamətində işlər gücləndirilir. Bundan əlavə, yaxın 2-3 həftə ərzində 2012-ci ilin əvvəlindən təlimlərə başlayacaq növbəti 40 nəfər iştirakçının seçilməsi üzrə zəruri tədbirlər görüləcəkdir. Bu proseslərə əsasən işsizlik statusu almış təhsilli gənclərin cəlb edilməsi nəzərdə tutulmuşdur.