Fəaliyyətimiz

26.09.2017

Ağcabədi və Beyləqan rayonlarında, eləcə də Naftalan şəhərində “Əmək Yarmarkaları” keçirilmişdir. ( Video )

İşaxtaran və işsiz vətəndaşların səmərəli məşğulluğunu təmin etmək məqsədi ilə 19 sentyabr 2017-ci il tarixində Ağcabədi rayonunda, 20 sentyabr 2017-ci il tarixində Naftalan şəhərində və 22 sentyabr 2017-ci il tarixində Beyləqan rayonunda növbəti “Əmək Yarmarkaları” keçirilmişdir.

“Əmək Yarmarkaları”nda Ağcabədi və Beyləqan rayon, eləcə də Naftalan şəhərində fəaliyyət göstərən idarə və müəssisələrlə yanaşı Dövlət Məşğulluq Xidmətinin, rayon İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak etmişlər.

Azərbaycan Pedaqoji Universitetinin Ağcabədi filialında keçirilən “Əmək Yarmarkası”nda 39 müəssisə və təşkilatlardan 370 boş iş yeri çıxarılmışdır. Yarmarkada təqdim olunan boş iş yerlərinin 58-i qulluqçu, 146-sı fəhlə, 166-sı isə xidmət sahələri üzrə iş yerləridir. Yarmarkada iştirak edən 176 nəfər işaxtaran vətəndaşa işlə təmin olunmaları məqsədi ilə göndəriş verilmişdir. Ağcabədi rayonunda keçirilən “Əmək Yarmarkası” “AZTV” televiziya kanalında işıqlandırılmışdır.

Naftalan şəhərində keçirilən “Əmək Yarmarkası”nda  9 müəssisə 104 boş iş yerləri ilə iştirak edirdi ki, onlardan da 65-i dövlət, 39-u isə qeyri-dövlət sektorunun payına düşür. Tədbirdə iştirak edən 28 nəfərə göndəriş verilmişdir. Tədbir yerli “Naftalan” qəzetində işıqlandırılmışdır.

Beyləqan rayonunda “Əmək Yarmarkası” Beyləqan rayon Gənclər Mərkəzində təşkil olunmuşdur. “Əmək Yarmarkası”nda 18 müəssisə 194 boş iş yerlərini təqdim etmişdir ki, onlardan da 89-u dövlət, 104-ü qeyri-dövlət sektorunun, 1-i isə fiziki şəxsin payına düşür. Yarmarka vasitəsi ilə 72 nəfər işaxtaran vətəndaşa göndəriş verilmişdir. Beyləqan rayonunda keçirilən Əmək Yarmarkasının gedişatı “İTV” telekanalında işıqlandırılmışdır.

Çıxışlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mühüm komponentlərindən biri də məhz əmək ehtiyatlarından dolğun şəkildə istifadəyə yönələn aktiv məşğulluq siyasətinin həyata keçirilməsi olduğu vurğulanaraq hazırkı mərhələdə müasir çağırışlar fonunda Məşğulluq Xidməti orqanlarının, onun əməkdaşlarının qarşısında duran vəzifələr barədə, eləcə də Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı fikir mübadiləsi aparılmışdır.