.: Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti :.

Bakı şəhərində mini “Əmək yarmarkaları”nın ixtisaslaşması maraqla qarşılanır


28.09.2011
       Məlum olduğu kimi, Bakı şəhərində ölkənin əsas aktiv əmək ehtiyatları cəmlənmişdir. Burada mövcud əmək bazarının tələblərinə uyğun aktiv məşğulluq tədbirlərinin effektivli təşkilinə daim zərurət vardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Məşğulluq Xidməti rəhbərliklərinin tapşırıq və tövsiyələri nəzərə alınmaqla, işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və sürətləndirmək məqsədilə, aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsi istiqamətində Bakı şəhər Məşğulluq İdarəsi və onun tabeçiliyində olan rayon Məşğulluq Mərkəzləri tərəfindən məqsədyönlü işlər aparılır. Ilk növbədə əsas məşğulluq tədbirlərindən biri kimi özünü doğrultmuş mini “Əmək yarmarkaları”nın ixtisaslaşdırılması, onların bir qrup profillər üzrə keçirilməsi və təşkil edilmiş bu kimi yarmarkalara dəvət olunanlarla əvvəlcədən müvafiq işlərin aparılması nəticələr verməkdədir.
       Bu günlərdə Bakı şəhərində təsdiq olunmuş “Tədbirlər Planı”na müvafiq olaraq, 21.09.2011-ci il tarixində “Əmək Birjası”nın inzibati binasında Suraxanı rayon Məşğulluq Mərkəzi, 22.09.2011-ci il tarixində Binəqədi, 23.09.2011-ci il tarixində isə Qaradağ və Sabunçu rayon Məşğulluq Mərkəzləri yerləşdikləri inzibati binalarda mini “Əmək yarmarkaları” keçirmişdir. Bu tədbirlərdə Suraxanı rayon Məşğulluq Mərkəzi tərəfindən 2 müəssisədən 17 vakansiya işaxtaran vətəndaşlara təqdim edilmiş və onlara 8 göndəriş verilmişdir. Nisbətən iri potensiala malik Binəqədi rayon Məşğulluq Mərkəzi tərəfindən 3 müəssisədən 43 vakansiya işaxtaranlara təqdim edilmiş və onlara 32 göndəriş verilmişdir. Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən keçırılən tədbirdə 5 müəssisədən 31 vakansiya mini-yarmarkaya çıxarılmış və 17 nəfər işaxtaran vətəndaşa göndəriş verilmişdir. Sabunçu rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilən tədbirdə isə 5 müəssisədən 33 boş iş yeri işaxtaran vətəndaşlara təqdim olunmuş və onlar bu vakansiyalar üzrə 27 göndəriş almışdır.
       Keçırılən tədbirlərin nəticələri Bakı şəhər Məşğulluq İdarəsi və Rayon Məşğulluq Mərkəzləri tərəfindən dərindən təhlil edilmiş, boş vakansiyalar üzrə verilmiş göndərişlər üzrə proseslərin ciddi nəzarət altında saxlanılması məqsədəuyğun hesab edilmişdir. Tədbirlərdə iştirak edən işaxtaran vətəndaşların bildirdiklərinə görə, bu kimi mini-yarmarkalar və xüsusilə onların ixtisaslaşması maraq doğurur və daha cəlbedicidir.

 





    Çap et  Çap et