Sual-cavabSUAL GÖNDƏR

Sual: Mən Azərbaycan vətəndaşı deyiləm. Mən Məşğulluq Xidməti orqanları tərəfindən təşkil olunan pesə hazırlığı kurslarına cəlb oluna bilərəmmi və məşğulluq mərkəzi məni işlə təmin edə bilərmi?


Cavab: Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində mövcud qanunvericiliyə uyğun olaraq işlə təmin oluna bilərlər. Bununla əlaqədar daha geniş məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsinə müraciət edə bilərsiniz. Əlaqə telefonu: 497-70-37


Sual: Dövlət idarəetmə orqanlarında işə düzəlmək üçün hara müraciət etmək lazımdır?


Cavab: Dövlət idarəetmə orqanlarına işlə qəbulun qaydaları ilə tanış olmaq üçün Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytından ətraflı məlumat əldə edə bilərsiniz. Saytın ünvanı belədir: www.dqmk.az


Sual: Məşğulluq Xidməti orqanları tərəfindən təşkil olunan peşə hazırlığı kurslarına necə yazılmaq olar?


Cavab: Peşə hazırlığı və ixtisasartırma kurslarına rayon (şəhər) Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşlar aşağıdakı hallarda cəlb olunurlar:
          * İşaxtaranın lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda;
          * İşaxtaranın peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün onun öz peşəsini (ixtisasını) dəyişdirməsi zəruri olduqda;
          * İşaxtaran əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə;
          * İşaxtaranların peşə hazırlığı, yenidən hazırlığı, ixtisaslarının artırılması Məşğulluq Xidməti orqanlarının tədris mərkəzlərində və ya Təhsil Nazirliyinin tabeçiliyində olan tədris müəssisələrində, eləcə də özəl tədris müəssisələrində həyata keçirilir.


Sual: Sosial müdafiəyə ehtiyacı olanlar kimlərdir?


Cavab: "Məşğulluq Haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq sosial müdafiəyə xüsüsi ehtiyacı olan vətəndaşlar kateqoriyasına aşağıdakı əhali qrupları daxildir:

  • 20 yaşadək gənclər;
  • yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;
  • sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər;
  • pensiya yaşına 2 ildən az qalmış şəxslər;
  • əlillər;
  • cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar;
  • sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər;
  • məcburi köçkünlər;
  • müharibə veteranları;
  • şəhid ailələri


Sual: İşsiz statusu verilmiş vətəndaşlara təyin olunan işsizlik müavinətinin məbləği necə hesablanır?


Cavab: İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (Məşğulluq Xidməti orqanlarında işaxtaran kimi qeydiyyata alındığı gündən etibarən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olduqda, onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay üzrə hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir.
İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az haqqı ödənilən işə malik olduqda isə işsizlik müavinəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müavinətin minumum məbləğində (55 manat) müəyyən edilir.
Bütün hallarda, müavinətin məbləği respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqından çox və təsdiq olunmuş müavinətin minimum məbləğindən (55 manat) az olmamalıdır.


Sual: İşsiz statusu almaq hüququna kimlər malikdir və bunun üçün hansı sənədlər təqdim olunmalıdır?


Cavab: İşi və qazancı olmayan, işə başlamağa hazır olub, rayon (şəhər) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmış, qeydiyyata alındıqdan 11 gün ərzində münasib iş təklif edilməsi mümkün olmayan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlara müvafiq sənədləri təqdim etdiyi andan işsiz statusu verilir və işsizlik müavinəti təyin edilir.
• şəhər, rayon Əhalinin Sosial Müdafiə Mərkəzlərindən pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla) almaması haqqında arayış;
• yaşadığı ərazi üzrə vergi orqanından fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması haqqnda arayış;
• yerli İcra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış;
• himayəsində olan 18 yaşıına çatmamış uşaqlarının şəhadətnamələrinin surəti;
• qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əmək haqqı barədə arayış.


Sual: İşdən azad olan və hal-hazırda işsiz olan vətəndaşlara dövlət tərəfindən nə kimi təminatlar verilir?


Cavab: “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq dövlət işaxtaran və işsiz vətəndaşlara aşağıdakı təminatları verir:

- Məşğulluq Xidməti orqanlarının vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə köməklik göstərilməsinə;

- Məşğulluq Xidməti orqanlarının göndərişi ilə pulsuz peşəyönümünə, peşə hazırlığına, yenidən hazırlığına və ixtisasının artırılması, peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə təqaüdün ödənilməsinə;

- Vətəndaşın yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilən haqqı ödənilən ictimai işlərə cəlb olunmasına;

- Işsiz statusu alanlara işsizlik müavinətinin ödənilməsinə;

- Özünüməşğulluğa köməklik göstərilməsinə;

- Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən digər aktiv tədbirlərdə (əmək yarmarkaları, əmək birjaları, yeni iş yerləri və s.) iştirakına köməklik göstərilməsinə;

- Məşğulluq Xidməti orqanlarının təklifi ilə bir yaşayış məntəqəsindən digərinə işə (peşə kurslarına) göndərilməklə əlaqədar vətəndaşların çəkdiyi xərclərin mövcud qanunvericiliyə müvafiq olaraq kompensasiya edilməsinə;

- Məşğulluq Xidməti orqanlarının göndərişi ilə işə qəbul olunarkən və təhsil almağa göndərilərkən dövlət tibb müəssisələrində pulsuz tibbi müayinədən keçməsinə

Bundan əlavə bildiririk ki, Siz yaşadığınız ərazi üzrə rayon Məşğulluq Mərkəzinə müraciət edə bilərsiniz.


Sual: Əlillərin işlə təmin olunması ilə əlaqədar Məşğulluq Xidməti orqanları tərəfindən hansı tədbirlər həyata keçirilir?


Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarıl ilə mülkiyyət və təşkilatın hüquqi formasından asılı olmayaraq (kvota çamil edilməyən müəssisələr istisna olmaqla) bütün idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların (o cümlədən əlillərin) məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir. Müəssisələr üçün kvota müəyyən edilərkən əlillərin işləməsi müvafiq normativ-hüquqi aktlar ilə qadağan olunan istehsalat sahəlrinin siyahıları nəzərə alınır. Kvota yerlərinə göndəriş almaq üçün yaşadığınız ərazi üzrə Məşğulluq Mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.


Sual: Saytdakı vakansiyalarla ilə tanış olduqdan sonra seçilmiş iş yerinə getmək üçün nə etmək lazimdır?


Cavab: "Məşğulluq Haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq işəgötürənin ona bilavasitə müraciət etmiş vətəndaşları Məşğulluq Xidməti orqanlarının göndərişi ilə gəlmiş vətəndaşlarla bərabər əsaslarla işə qəbul etmək hüquqları vardır. Bununla əlaqədar Siz seçdiyiniz iş yerini təqdim edən müəssisəyə birbaşa və ya Məşğulluq Xidməti orqanlarına müraciət etməklə onun göndərişi əsasında gedə bilərsiniz. Hər iki halda Sizin işə qəbul olunmağınız barədə son qərar işəgötürən tərəfindən veriləcəkdir.