Dövlət qulluğu

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

A növü -  inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

  • AA qrupu;

  • AB qrupu;

  • AC qrupu.

B növü -  inzibati icraçı vəzifələr üzrə:

  • BA qrupu;

  • BB qrupu.

Test imtahanında istifadə ediləcək test tapşırıqlarının aşağıdakı növləri var:

  1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;

  2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları;

  3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar.

Test imtahanında iştirak etmək üçün vətəndaşlar Mərkəzin internet portalı (bundan sonra – portal) vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir.

Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış portalda məlumat yerləşdirilir. Mərkəz namizədin test imtahanında iştirakı ilə bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portalda yerləşdirir və namizəd onu çap edərək əldə edir.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir.

İmtahan Mərkəzin qərarı əsasında kompüter və (və ya) kağız daşıyıcılar vasitəsilə keçirilir.

İmtahanın davametmə müddəti Mərkəz tərəfindən imtahanın məzmunundan (namizədlərə verilən test tapşırıqlarının növündən və sayından) asılı olaraq, aşağıdakı qayda nəzərə alınmaqla müəyyən edilir:

  1. qapalı tipli test tapşırıqlarının hər biri üçün 1 dəqiqə 30 saniyə;

  2. açıq tipli test tapşırıqlarının hər biri üçün 2 dəqiqə;

  3. esse tipli tapşırıqların hər biri üçün 30 dəqiqə.

Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:

  1. qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;

  2. açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;

  3. esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 - 30 balla, cavablandırılmaması 0 balla.

Test imtahanının nəticələri haqqında məlumat portalda yerləşdirilir.

Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində Mərkəzin portalı vasitəsilə dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir.

Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

Daha ətraflı